Bakı Ukraynaya qaz satmaqdan imtina etdi

Davos Forumunda gözlənilən saziş imzalanmadı, səbəb kimi Ukraynanın Ermənistana silah satması göstərilir

Ukrayna və Azərbaycan Davos Iqtisadi Forumu çərçivəsində Azərbaycandan qaz nəqlinə dair saziş imzalamayıb. Faktiki olaraq başa çatmış danışıqlar Azərbaycan tərəfindən pozulub. Belə ki, ölkə Kiyevin siyasətindən narazılığını bildirib. “Azərbaycandan qaz almaq istəyirlərsə, Ermənistana silah satmasınlar”,- məlumatlı mənbə yaranmış problemin mahiyyətini açıqlayıb.
Bu barədə Ukraynanın “Delo” portalı yazır. Bir il əvvəl Davos forumu çərçivəsində tərəflər maye qazın nəqli sahəsində əməkdaşlıq etmək niyyətinə dair sənəd imzalayıblar. Söhbət Gürcüstan ərazisi ilə, sonra tankerlərlə Qara dəniz vasitəsilə Ukrayna limanına nəqldən gedirdi və xüsusi terminalın inşası planlaşdırılırdı. Əvvəlcə ildə 5 mlrd. kub m. qazın nəqli planlaşdırılıb. 2011-ci ilin sonunadək Ukrayna nəqli 15 mlrd. kub.m-dək artırmağı nəzərdə tutub.
Terminalın 2014-cü ildə işə salınması planlaşdırılıb. Lakin indi bu müddət bəzi səbəblərdən başqa vaxta keçirilir: layihənin TIƏ-si yoxdur, investor məsələsi həll olunmayıb.
Ukraynalı məmur bildirib ki, Davosda qeyri-formal şəraitdə bu layihənin potensial tədarükçüləri və investorlar ilə ünsiyyət yaratmağın və Avropa bazarlarından Ukraynaya qaz nəqlinin perspektivlərini müzakirə etməyin mümkün olacağı nəzərdə tutulur. Ukrayna-Azərbaycan sazişi imzalanmaya tam hazırdır. Ötən ilin sonlarında Bakıda Ukraynanın sənaye və energetika naziri Yuri Boykonun azərbaycanlı həmkarı Natiq Əliyevlə görüşü olub. Görüşün yekunlarına əsasən işçi protokolu imzalanıb. Söhbət Ukraynada terminalın inşasından gedir. Bu terminalla təkcə Azərbaycandan deyil, həm də Liviya, Əlcəzair, Qətər və digər ölkələrdən qaz nəqli nəzərdə tutulurdu. Layihə Azərbaycan, Türkiyə investorları və Avropa şirkətləri tərəfindən həyata keçirilməli idi.
Ən son anda sənədlərin imzalanması təxirə salınıb- Azərbaycan Türkiyə ilə məsləhətləşmək üçün ara verib. “Zənnimcə, bu, sadəcə, fasilədir, qorxulu heç nə baş verməyib. Sənədlərin imzalanmasını ləğv etməyiblər, təxirə salıblar. Bu da ki, yüz ölç, bir biç məsələsidir”, -enerji məsələləri üzrə ukraynalı ekspert Valentin Zemlyanski vurğulayıb. O əmin olduğunu bildirib ki, Azərbaycan və Türkiyə Ukrayna ilə layihənin həyata keçirilməsində maraqlıdır, lakin hər hansı öhdəlik götürməzdən əvvəl texniki detalları nəzərə almalıdırlar(Turan).
Danışıqların gedişindən məlumatlı olan digər mənbə isə başqa fikirdədir: “Problemin qaz nəqli ilə əlaqəsi yoxdur. Bu, sırf siyasətdir: ötən ilin yayında və payızında Ukrayna Ermənistana silah satışının dayandırılması ilə bağlı Azərbaycan tərəfindən bir neçə dəfə xəbərdarlıq alıb. Yerevan bizdən müxtəlif atıcı silahlar, həmçinin hərbi təlim təyyarələri alır. Bu cür alqı-satqıya beynəlxalq qadağa yoxdur, lakin məlumdur ki, bunlar Azərbaycana xoş getmir”.