Partiyaların rayon şöbələri yurdsuz qalıb
AXCP və Müsavat Partiyasının Neftçala rayon şöbələrinin qərargah problemi yaranıb. Hər iki partiyanın yerli təşkilatı 6 ildir yerləşdiyi binadan çıxarılır. Bu barədə qəzetimizə informasiyanı AXCP Neftçala rayon şöbəsinin sədri Əflatun Əhmədzadə verib.
Qeyd edək ki, rayon şöbələrinin yerləşdiyi bina Neftçala Mərkəzi Xəstəxanasının balansındadır və həmin binada müxalifət partiyalarının şöbələri ilə yanaşı, MIS, rabitə şöbəsi, məktəbdən kənar kurslar fəaliyyət göstərirdi. Həmin təşkilatlar da binadan çıxarılırlar. Neftçala rayon icra hakimiyyətinin memarlıq şöbəsinin müdri Rüstəm Tahirov və xəstəxananın baş həkimi Telman Zahidovun sözlərinə görə, xəstəxananın balansında olan köhnə binada təmir işləri aparıldıqdan sonra, xəstəxana avadanlıqları və personalı ilə bura köçürüləcək. Ə.Əhmədzadənin sözlərinə görə, müxalifət partiyalarına yanvarın 29-na kimi binada tutduqları bir otağı boşaltmalı olduqları bildirilib. Artıq icra hakimiyyətinə qərargah üçün yeni binanın ayrılmasından ötrü müraciət etdiklərini söyləyən Ə.Əhmədzadə hələlik onlara rəsmi cavabın verilmədiyini söylədi.
Informasiya şöbəsi