Allahlıq iddiasına qurban gedən 50 milyon

Ağıllı iş adamı, tacir malını ortalığa çıxarmazdan qabaq onun bazarını, müştərisini tapar. Bunu bilməyən ticarətçidən iş görən olmaz. Mütləq iflas olacaq. Malı əlində qalacaq – dəmirdisə – pas atacaq, soğandısa – çürüyəcək.
Düzü, Xəzər dənizində salınacaq yeni ada-şəhər “Khazar Islands”ın dəmirmi, soğanmı olduğunu bilmirəm. Ancaq ilk baxışda belə görünür ki, bu ada nə çürüyəcək, nə də pas atacaq. Çünki adanın müştərisi özündən xeyli əvvəl tapılıb.
Hətta deyilir ki, artıq 50 milyon manatlıq mülk satılıb. Bu da onu deməyə əsas verir ki, ada-şəhərin yiyəsi elə Azərbaycanın ağası özüdü. Dubaydakı mülk batır-batsın, belə qara-gora, cərə-cəhənnəmə batsın. Qoy “The Washington Post” nə qədər yazır yazsın, heç acığa, bir də ora ayaq basmazlar. Allah vurmuşdu ərəbləri. Nə böyük şeymiş Dubayda 75 milyonluq mülk. Xəzərdə salınacaq ada-şəhər ondan yaxşı olmasa, adlarını dəyişərlər.
Bəziləri şərh yazır ki, axı bu ada-şəhər nəyə lazımdı? 100 milyard dolları rayonların abadlaşdırılmasına, sovet dövründən qalma müavinətlərin qaytarılmasına, pensiyaların, müəllimlərin, həkimlərin, dövlət qulluqçularının maaşlarının artırılmasına, nə bilim, nəyə xərcləmək olmazdımı? Başa düşmürlər ki, allahlıq iddiasına düşən, fikri-zikri milyardların yanında olanları belə şeylər maraqlandırmır. Onları bayrağın özü və mahiyyəti yox, dünyada ən uca olması cəlb eləyir, hansısa ərəb şeyxinin inşa etdirdiyi 1 km. hündürlükdə olan binadan heç olmasa, 50 metr yüksək bina ucaltmaq çəkir özünə – o binada yaşayacaq insanlar, onların dərd-səri yox; yaraşıqlı parklar-xiyabanlar salmaqda maraqlıdırlar – daha o park-xiyabanlarda camaatın hansı parayla istirahət eləyəcəyi yox…
Bu, allahlıq iddiasına düşənlərdə sanki bir xəstəlikdi – daha hündür, daha uca nəsə və iddiasına düşdükləri allahlığa başqalarından daha yaxın olmaq! Onlar bacardıqca daha da yüksəklərə can atacaqlar allahlıq üçün. Çünki onların nəzərində Allah və Allahlıq məqamı məhz yüksəkdədi. Çünki onların ürəyində deyil Allah, Ali məqam. Içlərində ali olan heç nə yoxdu. Nə var çöllərindədi, zahirlərində, boy-buxunlarındadı. Özləri də bilmədən allahsız olduqlarını göstərirlər bizlərə.
Allah unudulmaz, ama Allahdan danışdıqca bir şey də gəlir ağlıma bu allahlıq iddiasıyla bağlı. Təbii, bu söz birləşməsinin məcazi mənada işlədildiyini bilməyəcək qədər avam deyilik. Lakin oturub fikirləşirsən, ay Allah, madam ki, bunlar bu qədər “allah” olmaq iddiasındadırlar, niyə əməllərində Allaha aid heç nə tapmaq olmur? Ya bunlar Allahı başqalarından yaxşı tanıyırlar, onlara elə gəlir ki, O, ancaq mənfi əməllərin yiyəsidi, adamların evlərini öz əyləncəsi, varlanması üçün qışın oğlan çağında başlarına uçurar, küçələrə atar, suçsuzları şərlədib türmələrə doldurar, söz deyənin dilini kəsər, insanları yox, yalnız özünü düşünər və s.
Ya da onların nə Allahdan nə xəbərləri var, nə Ona inamları. Onda vurulduqları sadəcə, Onun hökmünün hər yana rəvanlığı, külli-ixtiyar sahibi olmasıdı.
Mən Allahın Yer işlərinə qarışmadığına inanan insanlardanam, ancaq hesab eləyirəm ki, bərli-bəzəkli mələklərin qələmləri ilə olmasa da, hər şey hansısa şəkildə “yazılır, qeyd olunur”. Bunu belə də təsəvvür eləmək olar. Bu yazılanlar balanslaşdırılmış mizan-tərəzilərə yüklənir, mizan pozulanda hər şey yerlə bir olur. Diktatorların başına gələnlər də bu üzdən olmalı!
Indi fikirləşirəm ki, bəri başdan, yığılan o 50 milyonu batmış saymaq olar…