Saakaşvilini Ağ Evdə tarixi görüş gözləyir

Gürcüstan prezidenti ilk dəfə Oval kabinetdə qəbul ediləcək

Bazar ertəsi Ağ Evdə Barak Obama ilə Gürcüstan prezidenti Mixail Saarkaşvilinin görüşü gözlənilir. Hər iki şəxs bir neçə dəfə görüşsə də, bu görüş Oval kabinetdə ilk rəsmi görüş olacaq.
Gürcüstan üçün bu 2013-cü il parlament seçkiləri ərəfəsində ən vacib siyasi hadisə sayılır. Ekspertlərin fikrincə, görüş Rusiyaya siqnal da ola bilər. Putinin Kremlə qayıdışından sonra ABŞ-ın Rusiya ilə münasibətlərdə geriyə dönüş edərək sərt siyasət seçməsi mümkündür.
Digər tərəfdən görüşdə İran məsələsi və  bu məsələdə Gürcüstanın hərbi güc kimi iştirakının müzakirə ediləcəyi gözlənilir. Bununla Saarkaşvili “bir güllə ilə iki dovşan vurmuş” olacaq. Həm özünü Rusiya təhlükəsindən sığortalayacaq, həm də İrana zərbələr endirilməsi üçün ərazisini ABŞ-a verəcək.
Məsələyə Gürcüstanın eks-prezidenti Eduard Şevarnadze şərh verb: “Mən istisna etmirəm ki, hakimiyyətdə qalmaq üçün Saarkaşvili İrana qarşı hərbi kampaniyaya qoşulacaq. Bu bizim üçün əsl fəlakət olardı. İrana qarşı müharibə bizim ərazimizdən aparılmamalıdır.”
Hərbi ekspertlər bu ehtimalı ciddi qəbul etmirlər. Gürcüstanın İranla ümumi sərhədləri yoxdur. Çətin ki, Ermənistan və Azərbaycan hərbi uçuşlara icazə verər. Bundan başqa Cənubi Qafqaz ərazisinə Rusiya hava hücumundan müdafiə sistemi nəzarət edir. ABŞ təyarrələrinin istənilən uçuşu haqda İrana məlumat ötürüləcək.
Amerikalı politoloq Devid Satter istisna etmir ki, Obamanın Saarkavili ilə görüşü Rusiyadakı mövcud vəziyyətlə bağlıdır. “Rusiyada siyasi böhran vəziyyəti yetişib. Ehtimal ki, böhrandan çıxmaq üçün Rusiya xarici aqresiyaya gedəcək və ABŞ-ın timsalında düşmən obrazı yaratmağa cəhd göstərəcək”.

İnformasiya şöbəsi