aliyev-obama-kollaj

Rəsmi Bakının ABŞ-la münasibəti niyə pisləşib?

Amerikalı ekspertlər ikitərəfli əlaqələrdə yaranmış vəziyyəti izah edir

Azərbaycan öhdəliklərinə saymazyana yanaşıb; söhbət demokratik dəyişikliklərdən gedir…

Amerikalı ekpsertlər ABŞ-Azərbaycan münasibətlərini “BBC Azərbaycanca”ya şərh ediblər. Onların əksirəyyətinin fikrincə, ABŞ-ın Azərbaycanla münasibətlərinin 1990-ci illərdəki “bal ayı” dövrü artıq geridə qalıb. Şərhçilər düşünür ki, Ərəb inqilabları, “Wikileaks” saytının ifşaları, Amerika əsgərlərinin İraqdan çəkilməsi, Əfqanıstan tranzitinə diqqətin azalması, seçkilər, bir tərəfdən də ABŞ-la Avropanı bürüyən iqtisadi çətinliklər və “Nabucco” kimi mühüm layihələrin gündəmdən düşməsi ABŞ-ın regionda maraqlarını həvalə etdiyi bir çox müttəfiqləri kimi, Azərbaycanla da münasibətlərinə təsirsiz ötüşməyib.
2012-ci il ABŞ-ın Azərbaycan daxil, bir neçə ölkədə səfirlərinin geri qayıtması ilə başladı. Demokrat prezident Barak Obama respublikaçı Buş administrasiyasının Qafqazda “vuran əli” sayılan təcrübəli diplomat Metyu Brayzanı Azərbaycana ötən il elçi təyin etsə də, onun mandatı elə Senatdakı demokratlar tərəfindən əngəlləndi.
“Carnegie” araşdırma mərkəzinin əməkdaşı Tomas De Valın sözlərinə görə, ABŞ-Azərbaycan münasibətləri 5-10 il əvvəl ilə müqayisə etdikdə, geriləyib. Bunun bir neçə qısa və uzunmüddətli səbəbləri var. Səfir Brayzanın təyinatı üzrə Senatda yaşanan arzuolunmaz böhran bu soyuqluğu daha da artırdı. Demokratiyadan bəhs edən De Val xatırladır ki, 10 il əvvəllə müqayisədə son illərdə Azərbaycan öhdəliklərinə daha saymazyana yanaşıb. Məsələn, Bakıda iki qərbtəhsilli bloqçunu həbs etməklə hakimiyyət Qərb ölkələri ilə münasibətlərinin gərginləşməsinə uzun müddət göz yumdu.
Başda bir ekspert Cenk Sidar əlavə edir ki, indiki mərhələdə Vaşinqton Azərbaycandan demokratiyanın inkişafını, söz azadlığı və qanunun aliliyinin təmin olnumasını səbrlə gözləyir:“Əlbəttə ki, söhbət demokratik dəyişikliklərdən gedir, siyasi sabitsizlikdən yox”.
“John Hopkins” Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun eksperti Svante Kornell deyib ki, Azərbaycanın insan haqları göstəricilərinin aşağı olması onun Qərb çevrələrində imicinin korlanması ilə yanaşı, ölkə üçün əhəmiyyətli məsələlərdə səsinin eşidilməsinə də problemlər yaradır. Kornellə görə, ABŞ üçün “ilk addım” Bakıda boş qalan səfir postuna yeni güclü diplomat təyin etməkdir. Bu, ökələrarası siyasi dialoqu sürətləndirə və qarşılıqlı maraqlara cavab vermək imkanlarını artırardı.
Azərbaycandan gözlənilən isə korrupsiya ilə mübarizə, insan haqlarının bərpası və qanunun aliliyi kimi sahələrə diqqət artırmaqdır. Əks halda, ölkənin demokratik inkişafının enerji imkanlarına qurban verildiyi təəssüratı yaranar.
Mövzuyla bağlı danışan professor Sani əlavə edib ki, Azərbaycan özünün zəngin resusrsları və səriştəsini xalqın rifahının yüksəlməsinə yönəldə bilər, nəinki hakim siyasi və iqtisadi elitanın. Bu, ölkənin uzunmüddətli inkişafı ilə yanaşı, Qərbdə dəstəyinin kəskin şəkildə atmasına imkan yaradardı.