ABŞ-ın hərbi gəmiləri isə Qırmızı dənizə daxil oldu
İranın nüvə proqramı ətrafında yaranmış gərginlik davam edir. ABŞ-ın müdafiə naziri Leon Panetta atom bombasının hazırlanmasına lazım olacaq səviyyədə zənginləşdirilmiş uranı istehsal etmək üçün Tehran rejiminə təxminən 1 il bəs edəcəyini söyləyib. Panetta “CBS” kanalına verdiyi açıqlamasında deyib ki, İranın nüvə silahı əldə etməsi 1 il zaman alacaq.
ABŞ-ın 16 kəşfiyyat xidmətinin məlumatlarına istinad edərək iranlı rəsmilər arasında nüvə silahına sahib olub-olmama məsələsində fikir ayrılığınin yarandığını söyləyən Pentaqon şefinin sözlərinə görə, Tehran problemli nüvə proqramını davam etdirsə də hələ ki, konkret qərar verməyib. Pentaqon şefi ABŞ-ın İranın nüvə silahı əldə etməsinə imkna verməyəcəyini bir daha xatırladaraq deyib ki, prezident Obamanın da mövqeyi bu məsələdə konkretdir.
“Ria Novosti”nin xəbərinə görə isə, ABŞ hərbi dəniz qüvvələrinə aid “Annapolis” atom sualtı qayığı və minadaşıyan “Momsen” gəmiləri Suveyş kanalını keçərək Qırmızı dəniz sularına daxil olub. Gəmilərin hansı istiqamətə yön adlığı dəqiq bilinməsə də, ABŞ-İran münasibətlərinin gərginləşməsi onu söyləməyə əsas verir ki, Vaşinqton Tehran ətrafında hərbi dairəni gücləndirir.
Nüvə proqramı ilə əlaqədar Tehranla Qərb ölkələri arasında gərginliyin artdığı bir vaxtda, İran Avropa Birliyi ölkələrinə neft ixracını dayandırmaq haqqında qərar verib. Bunu İranın neft naziri Rüstəm Qasemi bəyan edib. Rüstəm Qasemi bu ölkələrə satılan nefti almaq üçün başqa ölkələr arasında potensial alıcıların olduğunu bildirib:“Bizim neft ixracatımızın 20 faizi Avropanın payına düşür və şübhəsiz ki, bu 20 faizi Avropa Birliyi xaricindəki ölkələrə ixrac etməyimizlə bağlı heç bir problem olmayacaq”.
İrana qarşı sərt addımların qatı əleyhdarı Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranın Avropa Birliyinə neft ixracını dayandırmasına münasibət bildirib. Sergey Lavrovun sözlərinə görə, İranın Avropa Birliyinin sanksiyasına cavab olaraq neft ixracını dərhal dayandırması ilə bağlı addımı məntiqə uyğun cavabdır. O, bu addımın tərəflərdən heç birinə yaxşı heç nə vəd etmədiyini söyləyib.
Bu arada, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) mütəxəssisləri İranın nüvə proqramına dair təftiş aparmaq üçün İranda 3-günlük səfərdədir. Mütəxəssislər nüvə silahı hazırlanması proqramına cəlb olunduğu ehtimal edilən iranlı alimlərlə danışıqlar aparacaqlar. Agentlik nümayəndələri həmçinin İranın nüvə fəaliyyətinə dair sənədləri nəzərdən keçirəcək, bundan sonrakı səfərlərə dair İran rəhbərliyindən razılıq almağa çalışacaqlar.
İnformasiya şöbəsi