Qazıməmməd-Qazax kəmərini partladıblar?

Sakinlər qaz kəmərində baş verən partlayışın terror olduğunu düşünürlər

Qazıməmməd-Qazax magistral qaz kəmərində dəhşətli partlayış baş verib. Hadisə dünən saat 11.30 radələrində qaz kəmərinin 118-ci kilometrliyində Göyçay rayonunun Qarayazı kəndi ərazisində qeydə alınıb. “Azadlıq”ın bölgə müxbirinin verdiyi məlumata görə, əraziyə Ağdaş Magistral Qaz Kəmərləri Sahəsinin əməkdaşları, Göyçay rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb olunub.
Lakin yanğınsöndürənlər əvvəlcə hadisə yerinə yaxın düşə bilməyiblər. Çıxış yolu kimi xəttə qaz verilişi dayandırılıb. Nəticədə alov da tədricən azalıb. Bundan sonra yanğınsöndürənlər alovu söndürə biliblər. Bu proses təxminən 3-4 saat çəkib.
Partlayışın səbəbinə gəlincə, əməkdaşımız bildirir ki, kənddə olayı terror kimi qiymətləndirirlər. “Qaz kəməri kənddən 2 kilometrə qədər aralıda dərənin arasında yerləşir.
Yəni, kəmər yaşayış massivinin yaxınlığında deyil. Digər tərəfdən yay fəsli də deyil ki, istilik nəticəsində bu hadisə baş versin. Sakinlər birmənalı olaraq hadisənin texniki nasazlıq, yaxud təsadüf nəticəsində baş verməsini istisna edirlər”, – deyə əməkdaşmız bildirib.
Ağdaş Magistral Qaz Kəməri sahəsinin rəis müavini Elşən Rəcəbovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə isə qəza nəticəsində ölkənin heç bir rayonunda “mavi yanacağ”ın verilişində məhdudiyyətlər yaranmayacaq.
“Həmin magistral xətdən əlavə paralel olaraq maye qaz boru xəttimiz var. Bunun sayəsində heç bir rayonda qaz verilişi dayandırılmayacaq. Qəzalı xətt isə sabah günorta saatlarına qədər təmir ediləcək”, – deyə Elşən Rəcəbov bildirib.