Usubov təzyiqə davam gətirmədi

Daxili işlər naziri Bəylər Əyyubovun bacısı oğluna görə Göygölün polis rəisini işdən çıxarmağa məcbur oldu

Daxili işlər naziri Ramil Usubovun əmrilə Göygöl Rayon Polis Şöbəsinin rəisi Məhərrəm Quliyev tutduğu vəzifədən azad olunub. Bu barədə “Bizim yol”un yaydığı məlumata görə, Məhərrəm Quliyevin işdən çıxədiarılmasının kökündə polis serjantı Azər Şahverdiyevin törətdiyi qalmaqal dayanır.
Qeyd edək ki, Azər Şahverdiyev Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun bacısı oğludur. Ötən ay Azər Şahverdiyevlə iş yoldaşları arasında insident baş vermiş və nəticədə Əyyubovun bacısı oğlu “poqon yoldaşlarının” avtomobilini güllə-baran etmişdi.
Hadisə barədə polis rəisi dərhal Ramil Usubova məlumat vermiş və son nəticədə Azər Şahverdiyev işdən azad edilmişdi. Amma bir müddət sonra Bəylər Əyyubovun bacısı oğlunun yenidən işə bərpa olunduğu barədə xəbər yayıldı. Daxili Işlər Nazirliyinin bu xəbəri təkzib etməməsi deyilənlərin doğru olmasına inamı artırdı. Indi isə Məhərrəm Quliyevin məhz bu məsələyə görə işdən çıxarıldığı iddia olunur.
Maraqlıdır ki, Daxili Işlər Nazirliyi bu dəfə də məlumatın doğru olub-olmadığına aydınlıq gətirmək istəmir. Hər halda, “Azadlıq”ın bu haqda sualına Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun cavabı belə oldu: “Biz kadr işlərinə baxmırıq”.
Deyəsən, Ehsan Zahidovun nəzərinə çatdırmağa ehtiyac var ki, hər hansı orqanla bağlı bütün suallar həmin qurumun mətbuat xidməti və ya ictimaiyyətlə əlaqələr şöbəsinə ünvanlanır. Sualla əlaqədar araşdırma aparıb cavab vermək və ya jurnalistlə müvafiq qurumun səlahiyyətlisi arasında əlaqə yaratmaq isə mətbuat xidmətinin işidir.