Fransa haqda yetər! Deyilənlər deyilib, etirazlar olub! Amma həmişə olduğu kimi, bu dəfə də bir detal diqqətə gəldi. Hakimiyyətin nədən kəskin addımlar atmadığı bizə məlum, amma cəmiyyətin də güclü etirazına imkan verilmədi.
Bax, dilxorçuluq yaradan da elə budur. Əcəba, bunlar etirazların daha geniş vüsət almasını istəmirlərmi? Yox, istəmirlər, çünki özlərindən qorxurlar. Bu xüsusda mən gənclərin icazə verilmiş kiçik aksiyalarına baxıram. Ötən dəfə fleş-mob haqda yazmışdım. Vallah, bu hakimiyyətdən minnət götürmək və başıaşağı olmaqdansa bir neçə fleş-mob keçirmək daha yaxşı olardı. Mən etirazlarla bağlı çox şey yaza bilərəm. Bəli, ekspertlər də toplaşıb Türkiyə və Azərbaycan münasibətlərini müzakirə etdilər – hər halda, mən belə eşitdim.
Belə müzakirələrin effekti, ümumiyyətlə, sıfırdır. Ona görə ki, orada məhdud sayda, özü də bir-birini yaxşı tanıyan, eyni adamlar iştirak edir. Hərə azca çıxış edib öz vəzifəsini bitmiş sayır. Deyilənlərin də hamısı elə orada qalır, auditoriyanı tərk edəndən sonra hamı nə dediyini unudur. Artıq neçə illərdir ki, bu praktika davam edir. Mənim özüm də bir-iki belə müzakirədə iştirak etmişəm, amma sonradan yol ölçüb ora gəldiyimə peşiman olmuşam və orada danışmaqdansa bir yazı yazmağı üstün tutmuşam. Nə isə. Gileyim bununla bağlı deyildi. Dediyim odur ki, biz daha möhtəşəm aksiya keçirərək daha çox insanın diqqətini cəlb edə bilərdik. Güman edirəm ki, N.Sarkozi bu qanunu imzalasa belə, o, Fransanın başını hələ çox ağrıdacaq. Əsas odur ki, bu qanun fransızların özlərinin hüquqlarını məhdudlaşdırır. Düzdür, fransız millətinin əsas kütləsi üçün erməni “soyqırımının” olub-olmamasının elə bir əhəmiyyəti yoxdur. Amma türk əsilli fransalılar var, onlar bu işə qarşı bir kampaniya başlaya bilərlər və başlamalıdırlar. Əslində onlar güclü tədbirlər həyata keçirsəydilər, bəlkə də bu qanun qəbul olunmazdı. Nə isə. Bilirsiniz, demokratiya sayıqlıq tələb edir, gərək, cəmiyyət öz sayıqlığını itirməsin. Bir raundu ermənilər uddu. Görək, ardı necə olur! Bir şey də var ki, biz ən son anda ayılırıq, bir də görürük ki, qatar artıq gedib və başlayırıq onun ardınca qaçmağa! Əvvəldə demişdim ki, Fransa haqda yetər. Ona görə də bu mövzu ilə bağlı dediklərim bu qədər. Bircə onu deyim ki, hələ ümid var… Klintonun da çıxışı müəyyən ümidlər verir. Düzdür, N.Sarkozi heç də həmişə Amerika tərəfdən gələn səslərə qulaq vermir. Ən azı Gürcüstanın NATO-ya üzvlük məsələsində bunu gördük…
Məşhur hadisənin daha bir ciddi dərsi
Sözüm qaldı. Bilirsiniz, bu hadisələr nə göstərdi? Ermənilərdən fərqli olaraq biz türklər siyasətlə məşğul olmağı sevmirik, ona görə də uduzuruq. Kimisi deyir ki, bizə böyük alimlər, müsiqiçilər, idmançılar, daha nə bilim, kimlər və kimlər lazımdır! Bunların hamısı doğrudur. Amma mən deyərdim ki, millətə siyasətlə məşğul olmaq, siyasətçilər lazımdır! Bizdə siyasətçi çatışmır. Qoy, bir vaxt “bizim xalq siyasiləşməmiş xalqdır” – deyənlər indi bunun fəsadını görsünlər. Siyasətə etinasız olmağımızın nəticəsidir ki, hamıya uduzuruq…
Ermənilərin hamısı siyasətlə məşğul olur. Siyasətlə məşğul olmaq o demək deyil ki, hamı qarşısına siyasi karyera etmək məqsədini qoyur. Yox, onu heç mən də təqdir etmirəm. Amma insanlar siyasətlə məşğul olmalıdır ki, o cərgədən qarşısına siyasi məqsədlər qoyan, siyasi karyera etmək istəyənlər yetişsin. Bu hakimiyyət millətin normal, dinamik inkişafının qarşısını aldı və 70-ci illərdə olduğu kimi siyasi rütbələri mükafata çevirdi: bəli, sən babat alimsən, hakimiyyəti müdafiə edirsən, hətta yaltaqlığı da bacarırsan, buyur, bu da sənə mandat, oldun siyasətçi! Bax, bizim faciəmiz budur. Bilmirəm, o insanlar nə düşünür, amma mən onları siyasətçi saymıram. Elə onların özü də bir az sıxışdırılan kimi qayıdırlar ki, bəs, mən siyasətçi deyiləm! Bu insanlar siyasi titul daşıdıqlarının, siyasi post tutduqlarının belə, fərqindəcə deyillər! Görən, bunların özlərini siyasətçi sayması üçün daha nələr və nələr lazımdır?

Siyasətçi olmaq üçün daha nə lazımdır?
•


