Yox, dostlar, mənim inamım öldü təbiətə. Bütün həyatım boyu elə sanmışdım ki, insandan fərqli olaraq, təbiət mükəmməldir. Aşsa da, coşsa da, daşsa da, hər üzünü göstərsə də, təbiət mənən sağlamdır, onda xəbislik, paxıllıq və mənfi düşüncələr yoxdur.
Amma biz nə gördük?! Yuxudan ayılaraq görürük ki, hər gün gözəlləşən paytaxtımız bambaşqadır. Heç nə görünmür. Hər yan ağdır, təbiət qarla hər tərəfi örtüb. Cəmi bir neçə saata Bakının bütün gözəllikləri qarın altında qalıb. Axı bu necə ola bilər? Bakının analoqu olmayan abadlığını necə gizlətmək, örtmək olar?
Ilham Əliyev illərlə əziyyət çəkib, körpülər tikib, yollar saldırıb, nə qədər keçidlərin qırmızı lentini kəsib. Binaların əsas yollara baxan üzləri gözəl-gözəl təmir olunub. Fontanlar, musiqili fontanlar açılıb, səkilərə yeni daşlar düzülüb, nə qədər yerlərdə divarlar qaşınıb və boyanıb, abıra salınıb. Amma təbiət bütün bunları bir anda gizlədib, qoymur heç kim görsün. Nəticədə biz gözəllikdən məhrum olmuşuq. Indi camaatımız bu gözəlliyi görmədiyinin əziyyətini çəkməkdədir və şəhərdə hamının üzündən zəhrimar yağır.
Axı niyə dərk edilmir ki, bizim camaat ac otura bilər, işsiz yaşaya bilər, ədalətsiz məhkəmə, normal məktəb, babat xəstəxana olmadan da ömür sürər, amma bu analoqu olmayan abadlığı görmədən yaşaya bilməz…
Bu, ancaq paxıllıqdır, bəlkə də bəzi dostlarımız demişkən, düşmən dəyirmanına su tökməkdir, bəlkə də ermənilərə, Sarkoziyə işləməkdir. Sən bu qədər gözəlliyi necə örtə bilərsən, insanları ondan necə məhrum edə bilərsən?
Qarla, çovğunla yolları bağlayırsan, eybi yoxdur. Yolları hər yanda durmadan qazırdılar, qoy fəhlələr bir az dincəlsin. Su yoxdur, borular donub, qoy camaat nəhayət, qar yeyib təbiətin dadını hiss etsin. Qaz yoxdur kiminsə evində, yorğana girib yatsın, dincəlsin, lap kef eləsin. Işə getmək olmur, bu da lap yaxşı, hamı bilir ki, çox işləmək ziyandır. Belə havada Fövqəladə Pullar Nazirliyinin bahalı texnikasını yola-izə çıxarmaq da doğru deyil, əzilər, pozular, ziyanlıq olar. Təcili yardım da gəlmir, gəlməsin, elə bir fərqi yoxdur.
Amma sən bu gözəlliyi necə gizlədə bilərsən? Bu qədər qarı tökmüsən göydən, bir qarış yer də açıq qalmayıb və hər şey yoxmuş kimi olub. Hətta Tar Muzeyinin binası görünmür…
Baxmayaraq ki, qar xizək sürmək üçün vacibdir, amma daha bu qədər də olmaz. Bura xizək sürmək üçün deyil axı. Bu, əsl paxıllıqdır. Əsl paxıllıq.
Bakıda korrupsiyaya heykəl qoyulur
Paytaxtımızın çox bahalı tikinti layihələri barədə tez-tez yazmalı oluruq. Amma daha bir yenilik var. Xəzərdə yeni yaşayış və iş mərkəzi olacaq “Khazar Island” kompleksini tikən “Avesta” şirkəti açıqlayıb ki, bu layihəyə daxil olan “Azerbaijan Tower” göydələninin hündürlüyü 1 kilometrdən artıq olacaq – 1050 metr. Bununla da dünyanın ən hündür binası Bakıda tikiləcək.
Nə münasibətlədir, görəsən?
Yalnız bir mənası var bu dünya birinciliyinin. Həmin bina öz əzəməti ilə Azərbaycandakı korrupsiyaya qoyulan heykəldir. Məhz korrupsiya kimi mükəmməl alətin köməyilə neft pullarını süpürmək mümkündür. Başqa halda işlər çətin olardı. Odur ki, gec-tez bu korrupsiyanın da qədri, qiyməti bilinməli idi. Korrupsiya qülləsi də bu münasibətlə tikilir.

Paxıl təbiət
•