Cavidin məzardan dikəlib deyir –
Bütün varlığınla elə bağlısan,
Qədim Naxçıvanın əziz oğlusan.
(Vasif Talıbova həsr olunmuş klipdən)
Artıq elə bir dövrdə yaşayırıq ki, belə şeylərə adət etməliyik. Müəllifləri “barıt”ı bu qədər çox elədiklərinə, ən əsası, böyük Cavidi məzardan ikinci dəfə qaldırdıqlarına görə tənqid etmək də olardı, amma mövzu bir az başqadır. Klipi izləyək…
Heydərin qəlbindən işıq, nur aldın
Yurdunun köksündə körpülər saldın!
Bəli, uşağa da məlumdur ki, Azərbaycanda körpü ilə korrupsiya əkiz qardaşdır. Körpü varsa, deməli, korrupsiya qaçılmazdır. Sosial şəbəkədə V.Talıbovun qarajından çəkilmiş videorolik də, bu klipdən həmən sonra çərçivəyə “girərək” “mənə də bax” deyir(!). Baxırıq. Mövzu ilə “əlaqədar” olan bu süjetdəki qaraj, bahalı və retro avtomobillərin harmoniyasıdır. Bir sözlə, qarajı, içindəkilərlə birlikdə tikilən körpülərə bir növ “epiloq” hesab etmək olar. Dəyəri milyonlarla ölçülən bu nəqliyyat vasitələri ən inkişaf etmiş ölkə prezidentləri üçün belə əlçatmazdı. Müqayisə üçün deyək ki, ildə 400 min dollar maaş alan ABŞ prezidenti Barak Obama, 8 ildə (əgər ikinci müddətətə seçilərsə), aldığı maaşdan bir sent də xərcləməsə belə, bu qədər maşınları ala bilməz. Amma ildə təxminən 20 min dollara qədər maaş alan Naxçıvan rəhbəri bunu “bacarır”, hələ klip də çəkdirir…
Kədərli(!) proqnozlar
Aydın məsələdir ki, rejim gec-tez süquta uğrayacaq və yerini demokratik iqtidara verəcək. Bu qaçılmazdır, bəs onda bu cür cah-cəlalla yaşayan məmurlarımızın halı necə olacaq? Heç kimə sirr deyil ki, bu insanların hər birinin xaricdə malı-mülkü, hazır biznesləri var.
Bəli, onlar ümid edirlər ki, asanlıqla xaricə gedib, ömürlərinin qalan hissəsini orda yaşayacaqlar. Lakin devrilən diktatura rejimlərində, Tunis prezidenti Bin Əli, Liviya rəhbərinin bir-iki övladından başqa, kim hara getdi ki?.. Xaricdəki bütün mülklər, yavaş-yavaş öz sahibinə – xalqa qayıdır. Münhen şəhərində Qəzzafi ailəsinə məxsus daşınmaz əmlak, ticarət mərkəzi belə, Liviyaya qaytarıldı…
Hətta məşhur müğənnilər belə, onlardan aldıqları qonorarları xeyriyyə fondlarına dağıtdılar və bununla özlərini bir növ reablitə etdilər.
Gürcüstanda Saakaşvili hakimiyyətə gələndə, oliqarx məmurların çoxu “təmiz” çıxdı, çünki onların əmlakları başqalarının adına idi. Məsələn, bir neçə milyonluq obyekt, sovet dövrü 40 il poçtda işləmiş pensiyaçıya aid idi. Saakaşvili, bir az “dərinə” getdi və məlum oldu ki, bu, filan nazirin qaynanasıdır… Beləcə, yüz milyonlarla vəsait dövlətə qaytarıldı. Yəni, oxşar rejimlərdə, hakimiyyətdən getmə praktikaları, heç də varlı məmurların arzuladığı kimi həyata keçmədi və bəziləri, qarışıqlıq nəticəsində, hətta halal əmlaklarından da məhrum olurlar…
Azərbaycan inqilab astanasındadır. Minlərlə məmuru Barak Obamadan varlı olan ölkənin, yüz minlərlə vətəndaşı yoxsulluq həddindən aşağı vəziyyətdə yaşayırsa, bu, qaçılmazdır, cəmiyyətin sifarişidir.
Inqilabi sual…
Bir neçə gün əvvəl, avtobus dayanacağında quraşdırılmış, işləməyən, intellektual monitora baxırdım. Avtobusun nömrəsini daxil edib, düyməni basdım, marşrutun dayanacaqları təsvir olunmuş ekran canlandı. Sonra… Heç nə. Budurmu intellektual sistem? Mən ki, gedəcəyim yeri və dayanacaqları bilirəm, bilməsəm də sürücüdən soruşaram. Bəlkə uşaqlar üçündür, deyə fikirləşdim, amma yox, elə yüksəklikdə quraşdırıblar ki, hətta orta boylu insanlar da çətinlik çəkirlər. Aydın oldu, “qaraj və maşın məsələsi” deyərək, öz-özümə dedim ki, bundansa bir televizor bərkitsəydilər, daha yaxşı olardı, onsuz da yollar tıxacdır, vətəndaş dayanacaqlarda çox vaxt keçirir…
Bayaqdan mənə diqqətlə göz qoyan iki gəncdən biri sual üçün müsaidə istədi, “buyurun” dedim. Sual sadə idi, monitordan daha hansı məqsədlər üçün istifadə edilə biləcəyini soruşdu. Mən bu monitorun bir qara qəpik qiyməti olmadığını, heç təyinatı üzrə belə, işləyə bilməyəcəyini onlara başa saldım və gənclərin kompüter və televizor(!) kimi istifadə versiyalarını “darmadağın” etdim. Hansı məqsədlə soruşduqlarını xəbər alanda, özlərini itirdilər. Mən qəti surətdə əmin oldum ki, işsiz, pula ehtiyacı olan gənclər bu monitoru qoparıb ucuz qiymətə satmağı düşünürdülər. Tarixdə vətəndaşların bu cür düşünməyə başlaması isə… inqilablar və hakimiyyətin dəyişməsinə gətirib çıxarır. Bu isə inqilabların ən amansızıdır…