Bir əyalət teatrı – bir maarifçilik ocağı
Gəncə şəhərində teatr yaratmağa ilk dəfə on doqquzuncu əsrin sonlarında yerli ziyalılar maraq göstərib. 1899-cu ildə burada “Teatr” adlanan bina həvəskar aktyorların ixtiyarına verilib. Yerli ziyalı, müəllim, dramaturq, milli teatrşünaslıq elmimizdə ilk kitabçanın müəllifi Mirzə Məhəmməd Axundzadə teatr prosesinin canlanmasında səmərəli işlər görüb. Onun “Səd Vəqqas” (“Səd ibn Vəqqas”) pyesi Bakı və Tiflis teatr truppalarında da oynanılıb.
Teatr həvəskarlarının əsas məqsədləri maarifçilik ideyalarını təbliğ etmək, şəhərdəki məktəblərdə oxuyan kasıb şagirdlərə yardım göstərmək, kitabxanalara mətbuat nümunələri və kitablar almaq üçün vəsait toplamaq idi.
Ziyalıların təşəbbüsü ilə 1906-cı ildə həvəskarlardan ibarət “Gəncə müsəlman dram məclisi” truppası yaradılıb. 1909-cu ildən başlayaraq Bakı aktyorları Hüseyn Ərəblinskinin, Sidqi Ruhullanın, Hüseynqulu Sarabskinin, Cəlil Bağdadbəyovun yığcam dəstələrlə Gəncəyə qastrol səfərləri teatr prosesini daha da canlandırıb. Belə mədəni əlaqələr sayəsində Gəncədə yaşayan Məşədi Cəmil Əmirov “Seyfəlmülk” operasını yazıb.
1920-1932-ci illərdə truppanın fəaliyyətində yeni mərhələ başlayıb. Repertuarda Mirzə Fətəli Axundzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Nəriman Nərimanovun Hüseyn Cavidin, Üzeyir bəy Hacıbəyovun dram, faciə, komediya, opera və operetta əsərləri mühüm yer tutub. Qadınlar, dəmiryolçular, həmkarlar klublarında güclü dram dərnəkləri olub.
1920-ci illərin sonlarında peşəkarlıq baxımından nailiyyətlər qazanan həvəskarlar arasında Ədil Isgəndərov, Ibrahim Həmzəyev, Barat Şəkinskaya, Qulam Qoşqarlı, Mikayıl Davudov, Kərim Sultanov, Əsəd Şeyxzamanov, Abbas Məmmədov, Ismayıl Əfəndiyev kimi gələcəyin böyük sənət ustaları vardı. Hətta Ədil Isgəndərovla Ibrahim Həmzəyev Bakı Teatr Məktəbində təhsil almışdılar.
Onlar 1932-ci ildə Gəncədə Hüseyn Ərəblinski adına Dövlət Dram Teatrı açmaq üçün təşəbbüs göstərmiş və bir neçə tamaşadan ibarət maraqlı repertuar hazırlamışdılar.
Lakin 1932-ci il dekabrın 28-də respublika mətbuatında Bakı Türk Işçi Teatrının Gəncəyə köçürülməsi barədə geniş materiallar verilib və bu, həvəskarların təşəbbüslərini başqa formada reallaşdırıb. BTIT-nin yaradıcı heyəti Gəncəyə 1933-cü ilin yanvarında gəlib. Müxtəlif texniki avadanlıq, dekorasiyalar, rekvizit və butafor ehtiyatı yanvarın 4-də və 5-də gətirilib. Teatr üçün şəhərdə əlverişli bina yox idi, nisbətən yararlı klub isə təzə kollektiv üçün yanvar ayından təmirə dayandırılmışdı. Buna görə də “Sinema” kinoteatrı DDT-yə verilib. Teatrın yaradıcı heyətinə yerli həvəskarlardan da xeyli istedadlı gənc qəbul olunub. Teatrın Bakı repertuarının əsas tamaşaları yeni aktyorlar əlavə olunmaqla bərpa edilib. Teatrın baş rejissoru Abbasmirzə Şərifzadə iki ay yarım ərzində Hüseyn Cavidin “Şeyx Sənan”, Cəfər Cabbarlının “Yaşar”, Aleksandr Şirvanzadənin “Namus” dramlarını tamaşaya hazırlayıb. Bu əsərlərdən, həmçinin bərpa olunmuş “Hind qızı” (Əbdülhəq Hamid), “Özgə uşağı” (Vasili Şkvarkin), “Cancur Səməd” (Jan Batist Molyer), “Fahişə”(Viktor Marqaret) tamaşalarından ibarət repertuarla teatr 1933-cü ilin mart ayında ilk pərdələrini tamaşaçılara açıb.
Böyük bir sənətkar nəsli ilə yazılan tarix
Teatr Gəncəyə köçdükdə Abbas Mirzə Şərifzadə, Ağasadıq Gəraybəyli, Fatma Qədiri, Ismayıl Talıblı, Əhməd Salahlı, Ismayıl Əfəndiyev, Atamoğlan Rzayev kimi sənət fədailəri də Gəncəyə köçür və öz fəaliyyətlərini burada davam etdirirlər.
Gəncədə milli professional teatr sənətinin yaranması və inkişafında, teatrın yaradıcılıq istiqamətinin müəyyənləşdirilməsində aktyorlardan Kazım Ziya, Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya, Ətayə Əliyeva, Ismayıl Talıblı, Ələkbər Seyfi, Kərim Sultanov, Rəmziyyə xanım Veysəlova, Əşrəf Yusifzadə, Ələddin Abbasov, Məhəmməd Bürcəliyev, Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə, rejissorlardan Mehdi Məmmədov, Yusif Yılduz, Ismayıl Əfəndiyev, sonradan Həsən Ağayev, Nəsir Sadıqzadə, Yusif Bağırov, gənc rejissorlardan Vaqif Şərifov, Hilal Həsənov və başqalarının əməyi böyük olmuşdur. Bu aktyor və rejissorlar Gəncə teatrının səhnəsində müxtəlif səpgili pyeslərlə maraqlı obrazlar qalereyası yaratmaqla, fundamental repertuar siyasətinin əsasını qoymuşlar. Belə ki, “Aslan yatağı” (M.H.Təhmasib), “Intizar” (I.Əfəndiyev və M.Hüseyn), “Bizim şəhərli oğlan” (K.Simonov), “Od gəlini” (C.Cabbarlı), “Madrid” (M.Ibrahimov), “Intiqam” (Z.Xəlil), “Nə əldən qoyur, nə yardan doyur” (Lope De Veqa), “Müfəttiş” (Qoqol), “Ölülər” (Cəlil Məmmədquluzadə), “Kəllə” (Nazim Hikmət), “Tülkü və üzüm” (G.Fiqeyerdo), “Bahar” (M.H.Təhmasib), “Böyük ürək” (H.Seyidbəyli və I.Qasımov), “Nəsrəddin şah” (C.Cabbarlı), “Qoca” (M.Qorki), “Üç qəpiklik opera” (Brext), “III-Riçard” (V.Şekspir), “Antiqona” (Esxil), “Medeya” (Evripid), “Yad qızı” (Orxan Kamal) tamaşaları orijinallığı və səhnə tamlığı ilə fəqlənmiş və yaradıçı kollektivin böyük potensial bir qüvvəyə malik olduğunu göstərə bilmişdir.
1942-ci ildə teatrın sıravi rejissoru Mehdi Məmmədov Gəncə DDT-yə baş rejissor təyin olunub. O, iki il əvvəl Moskvada ali rejissor təhsili almışdı. Mehdi Məmmədovun dörd ilə yaxın baş rejissorluq fəaliyyəti teatrın müasirlik axtarışlarını yeni məcraya salıb, onun poetika göstəricilərinin əsas estetik prinsiplərini formalaşdırıb. Yeni yaradıcılıq üslubunu yaradaraq onu inkişaf etdirən teatr 1950-ci illərin sonlarına kimi həmin istiqamətdə müəyyən yaradıcılıq uğurları qazanıb.
Gəncə teatrı 1958-ci ilin may ayında Bakıya ilk qastrol səfərinə gəlib. Repertuarda “Ölülər” (Cəlil Məmmədquluzadə), “Qanq qızı” (Rabindranat Taqorun “Fəlakət” əsəri əsasında), “Kəllə” (Nazim Hikmət), “Bahar” (Məmmədhüseyn Təhmasib), “Böyük ürək” (Imran Qasımov və Həsən Seyidbəyli), “Xəyanət” (Həsən Bicari və Qulamrza Cəmşidi) tamaşaları olub. Kollektivin ilk imtahanı uğurlu keçib və teatrın qabaqcıl rejissor və aktyorlarına respublikanın müxtəlif fəxri adları verilib.
1960-cı illərdən başlayaraq teatr müasir mövzulu ictimai-sosial problemləri təcəssüm etdirən əsərlərə üstünlük verib. Gəncə teatrında müəyyən səhnə təcrübəsi olan Həsən Ağayev, Hüseyn Sultanov, Nəsir Sadıqzadə, Yusif Bağırov, gənc rejissor Vaqif Şərifov Bakıdakı AMDT-də uğur qazanan lirik-psixoloji üslubda maraqlı tamaşalar hazırlaya biliblər. Yaradıcılıq cəhdləri həmişə səmərəli alınsa da, teatr prosesində gedən estetik yeniləşmə, fəlsəfi dərinlik, psixoloci mahiyyət istiqamətində uğurlar qazanılıb. Teatr eyni zamanda ənənələrinə sadiq qalaraq romantik-monumental üslubda da tamaşalar hazırlayıb.
Teatrın nəzdində 1979-cu ildə “Zərrabi” Nizami Poeziya Teatrı açılıb. Kollektiv Zərrabi memarlıq kompleksində yerləşir. Onun repertuarında Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri əsasında “Şairin gəncliyi”, “Xeyir və Şər”, “Şair və hökmdar”, “Hikmət axşamı”, “Isgəndər və Nüşabə”, “Zəhmət dünyası”, “Xarəzın gözəlinin hekayəti”, “Gül və zəhər” tamaşaları oynanılıb.
Tarix yazan teatrın bu günü
Teatr yerli müəlliflərdən Altay Məmmədovun, Fəridə Əlyarbəylinin, Süleyman Süleymanovun, Məmmədəli Nəsirovun, Abdulla Şərifovun, Əhməd Isayevin, Rövşən Ağayevin, Nüşabə Məmmədovanın, Elşad Məmmədovun pyeslərini tamaşaya hazırlayıb. Gəncə DDT-də uzun illər Bəhram Əfəndiyev, Rza Məmmədov, Süleyman Hacıyev kimi fədakar teatr rəssamları işləyiblər. Gəncədə yaşayan Həsənağa Məmmədov, Asif Məmmədov, Mübariz Əliyev, Oqtay Qoşqarov, Telman Cəfərov rəngkarlıqla yanaşı, bir sıra tamaşalara səhnə tərtibatları da veriblər. Məşhur sənətkarlar Nüsrət Fətullayev, Həsən Mustafayev, Fyodor Qusak, Ismayıl Axundov, Dmitri Tavadze, Yuri Toropov, Elbəy Rzaquliyev, Altay Səidov, Elçin Məmmədov, Sənan Qurbanov dəvətlə teatrda müxtəlif tamaşalara rəssamlıq ediblər. Belə yaradıcılıq əlaqələri teatrın forma axtarışlarına imkan genişliyi verib. Şəhərin bəstəkarları Qəmbər Hüseynli, Bayram Hüseynli, Müzəffər Həsənov, Xəlil Cəfərov, Şirin Rzayev, müəyyən vaxt burada işləyən Şəmsəddin Fətullayev teatrla sıx yaradıcılıq əlaqələri yarada biliblər. Ayrı-ayrı rejissorlar məşhur bəstəkarlar Səid Rüstəmova, Niyaziyə, Əfrasiyab Bədəlbəyliyə, Qara Qarayevə, Süleyman Ələsgərova, Şəfiqə Axundovaya, Fikrət Əmirova, Cahangir Cahangirova, Azər Rzayevə, Nazim Əliverdibəyova, Vasif Adıgözəlova öz tamaşaları üçün musiqi sifariş veriblər. Bu ənənə uzun illər davam edib. Gəncə Dövlət Dram Teatrı dəfələrlə Bakıda, Azərbaycanın əksər rayonlarında, Gürcüstanın və Ermənistanın azərbaycanlıların qədim yaşayış rayonlarında qastrol səfərlərində olub.
2002-ci ildə teatrın səhnəsində tamaşaya qoyulan Ilyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” tamaşası Azərbaycan Teatr Xadimləri Ittifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatının “Qran Pri”sinə layiq görülmüşdür.
2007-ci ildə gənc rejissor I.Gözəlovanın tamaşaya hazırladığı “Qəribə oğlan” pyesi “Gənc rejissorların teatr festivalı”nda, 2010-cu ildə isə yaradıçı kollektiv Elçinin “Ölüm hökmü” tamaşası ilə “Respublika teatr festivalı”nda uğurla çıxış etmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir