Demokratiyanın doğum günü

«Rahat uyu, öndərimiz! Sənin ideyalarını mütləq reallaşdıracağıq»

Məhəmməd Əmin Rəsulzadə bizim millət olaraq bəşəriyyət tarixinə bəxş etdiyimiz ən parlaq şəxsiyyətlərdən biri, bəlkə də birincisidir. Bu gün hər bir azad düşüncəli gənc Rəsulzadə və onun ideyalarından örnək götürməlidir. Çünki, Azərbaycanın xoş sabahına gədən yol, məhz, həmin ideyaların reallaşmasından keçir.
Bütün həyatını xalqının, millətinin azadlığı uğrunda mücadiləyə həsr edən böyük öndərimiz son nəfəsdə də üç dəfə Azərbaycan deyərək ölümüylə ölümsüzlüyə qovuşmuş oldu.
Rahat uyu, öndərimiz! Gec, ya tez sənin həyata keçirmək istədiyin ideyaları mütləq və mütləq reallaşdıracağıq.
Doğum günün qutlu olsun, böyük öndərimiz!
Sərraf Əliyev, AXCP Gənclər Komitəsi
***

Bu günlərdə Azərbaycanda cümhuriyyət, demokratiya, dünyəvilik ideyalarının ilk təbliğatçılarından olan, Azərbaycan Xalq Cümhuriyyətinin başqanı olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum gününü qeyd etməyə hazırlaşırıq. Biz AGT olaraq təşkilatımız yarandığı gündən Rəsulzadənin bizə miras qoyduğu dəyərlərə sadiq olub, həmin ideyaları gənclər arasında qürurla yayırıq. Rəsulzadə hakimiyyətinin 23 aya insanlara verdiyi hüquq və azadlıqları hazırkı hakimiyyətdən də tələb edirik. Bu yolda öz məqsədlərimizə çatana qədər mübarizə aparacağıq. Doğum günün mübarək, unudulmaz insan.
Asim Əhmədzadə, Azad Gənclik Təşkilatı

***

31 yanvar, Azərbaycan xalqının ümumilli lideri, demokratik cümhuriyyətimizin qurucusu, böyük öndər, dahi mutəfəkkir, ictimai xadim Məmməd Əmin Rəsulzadənin doğum günüdür.
Hamımıza məlumdur ki, şərq dünyasında, Azərbaycanda ilk demokratik cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadədir. Rəsulzadənin vətəni, xalqı üçün atdığı hər addım onun Azərbaycan tarixində fenomen bir şəxs olduğundan xəbər verir və bu, bizi xalq olaraq fərəhləndirir, qürurlandırır.ÿ
Müsavat Gənclər Təşkilatı adından Türk dünyasını, Azərbaycan xalqını Məhəmməd Əmin Rəsulzadənin 128-ci ildönümü münasibətilə təbrik edirəm.
Nərgiz Yaqublu, Musavat Gənclər Təşkilatı

***

Məmməd Əmin Rəsulzadə Azərbaycana və bütün şərq ölklərinə demokratik lider nümunəsi olub. Onun demokratik prinsiplərində insana sevgi var idi. Bu səbəbdən də mən bütün sevgimlə demokratiyanı doğum günü münasibəti ilə təbrik edirəm.
Rəsulzadənın yaratdığı demokratik quruluşda qadına inam və sevgi var idi. O, qadına ilk səsvermə hüququnu verdi və onların səsinə inandı. Mən bu səbəbdən Azərbaycan qadınını təbrik edirəm.
Pərviz Əzimov, Dalğa Gənclər Hərəkatı

***

Bu gün əksəriyyəti biganələrdən ibarət bir gənclik var. Biz tarixin səhifələrində eşələnməyi sevmirik, ancaq ilk təşkilatını 17 yaşında yaradan Rəsulzadə kimi insanlardan müsbət nümunə, enerji və ruh alaraq sabaha inamla baxırıq. Onun inandığı dəyərlərə, ideallara bir gün belə xəyanət etmədiyini, inamsız yanaşmadığını görəndə bir daha əmin oluruq: “Şübhəsizdir ki, bir gün həqiqət parlayacaq”.
Öndərimizin doğum günü, bütün həqiqətpərəst insanlarımızın bayramı mübarək.
Kamilə Cavadzadə  Nida Vətəndaş Hərəkatı

***

Ad günün mübarək, ruhun şad olsun, böyük lider! Sən və mənsub olduğun komanda hələ də biz gənclərin ürəyindədir! Sizlərin missiyasını daşımaq bizim mənəvi borcumuzdur. Ideyalarınız yaşayır və yaşayacaq. “Şübhəsizdir ki, bir gün həqiqət parlayacaq!”.
Nərmin Rəhimli, Müsbət Dəyişiklik Gənclər Təşkilatı

***

“Insanlara hürriyyət, millətlərə istiqlal!”. Yalnız bu ifadəyə görə, Məmməd Əmin Rəsulzadəni sevmək, anmaq lazımdır. Və ya mənim ən sevdiyim “Mətbuat, söz azadlığı insan azadlığının əsas sütunudur” ifadəsi. Həqiqətən Rəsulzadənin mübarizə ilə dolu olan həyat yolundan öyrənəcəyimiz çox şey var. Bütün Rəsulzadə yolunun davamçılarının doğum gününü təbrik edirəm.
Emil Bağırov, VHP Gənclər Təşkilatı

***

Müstəqilliyə qovuşub, milli kimliyimizi dərk edən hər gənc azadlıq məfkurəsinin banisi, quberniyalara bölünmüş şimali Azərbaycanı bir dövlət kimi quran M.Ə.Rəsulzadəni yad edir. ADP Gənclər Təşkilatı adından ümummilli liderimizin doğum gününü təbrik edir, Azərbaycan gəncliyinə demokratik dəyişiklik arzu edirəm.
Cəmil Hacıyev, ADP Gənclər Təşkilatı