Pentaqon Tehran rejiminin yeraltı nüvə obyektlərini dağıdacaq bombaların hazırlanmasına başlayıb
Iran ətrafında yaranmış gərginlik davam edir. Tehrana qarşı hərbi müdaxilə variantı yenidən gündəmə gəlib. ABŞ-ın müdafiə naziri Leon Panetta bildirib ki, Irandakı yeraltı nüvə obyektlərinin dağıdılması üçün ölkəsi yeni bomba hazırlamağa başlayıb. Onun sözlərinə görə, ABŞ silahlı qüvvələri sərəncamında olan qeyri-nüvə bombasının dağıdıcı qüvvəsinin daha da gücləndirilməsi üçün yeni fəaliyyət strategiyasına uyğun olaraq, işlər sürətləndirilib.
“The Wall Street” qəzetinə danışan hərbi mənbənin sözlərinə görə, Pentaqon rəhbərliyi hesab edir ki, qeyri-nüvə bombaları Iran ərazisindəki yeraltı nüvə təsisatlarını dağıtmaq gücündə deyil. Sınaqlar zamanı məlum olub ki, bu tapşırığın öhdəsindən, hətta yeraltı istehkam əleyhinə olan 13,6 tonluq GBU-57 bombaları da gələ bilmir.
ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Martin Dempsi isə bildirib ki, ölkəsi Iranın nüvə silahı əldə etməsini əngəlləmək üçün hərbi gücdən də istifadə etməyə hazırdır. Onun sözlərinə görə, indiki kritik vəziyyətdə Irana qarşı hərbi müdaxilə ağılsızlıq olar: “Hazırda iqtisadi sanksiyaların tətbiqi və diplomatik həll yolu tapılması daha ağıllı addımlardır. Bu yolun səhv olduğuna qərar vermək üçün hələ çox erkəndir. Indiki məqamda Iranla hərbi qarşıdurma bölgənin təhlükəsizliyini və iqtisadiyyatını alt-üst edər”.
Irana qarşı hərbi müdaxilə variantının ən qatı tərəfdarı Israilin müdafiə naziri Ehud Barak növbəti dəfə bəyan edib ki, bu ölkənin nüvə silahına sahib olmasına imkan verilməyəcək. Nazirin sözlərinə görə, dünya ölkələri rəsmi Tehranın nüvə silahına yiyələnməsinin qarşısıalınmaz duruma gəlməməsi üçün təxirəsalınmaz tədbirlər görmək məcburiyyətindədir: “Iran neftinə və banklarına qarşı yönəlmiş daha sərt sanksiyalara ehtiyac var. Biz Iranın nüvə ölkəsinə çevrilməsinin qarşısını almaqda qərarlıyıq. ABŞ prezidenti və digər müttəfiq ölkələrin liderləri də heç bir variantın masadan qaldırılmamasının tərəfdarıdır və Iranın nüvə silahına sahib olmasının qarşısının alınmasını vacib sayırlar. Çünki Iran nüvə silahına sahib olarsa, bu, bütün dünya üçün problem olar”.
ABŞ-ın Elm və Beynəlxalq Təhlükəsizlik Institutunun prezidenti Devid Olbrayt isə deyib ki, Iran nüvə silahı istehsal etmək üçün kifayət qədər uran zənginləşdirməyib: “Iran onsuz da nüvə silahına malik olmaq niyyətində deyil”.
Olbrayt Iranın nüvə obyektlərinə hərbi zərbələr endirməyin faydalı olmayacağını deyərək, bu ölkənin nüvə proqramını davam etdirməsi üçün yeni obyektlər tikmək imkanına sahib olduğunu vurğulayıb.
Bu arada “The Christian Science Monitor” qəzeti yazıb ki, Iran ani hücumlarla Hörmüz boğazını bağlaya bilər. Çünki iranlı dənizçilər ildırım sürətilə boğazı bağlamağı çox yaxşı bilir: “ABŞ Irana görə hərbi xərclərdən çəkinməz. Lakin Iran asimmetrik döyüş strategiyasına sahibdir və bu strategiyası ilə rahatlıqla məqsədinə çata bilir”.
Informasiya şöbəsi