Şəmsəddin Xanbabayev Koroğlu heykəlinin yerində Eyfel qülləsi tikdirir
Son illər Xaçmazda müxtəlif məzəli layihələ imza atan yerli icra başçısı Şəmsəddin Xanbabayev şəhərin girəcəyindəki Koroğlu heykəlini və Qırat heykəlini götürüb. “Hazırda at başqa yerə, Koroğlu isə başqa yerə atılıb. Heykəlin yerində isə Eyfel qülləsinin maketi ucaldılacaq”. Bunu əməkdaşımıza Xaçmazdakı mənbəmiz məlumat verib. Mənbənin dediyinə görə, şəhərin mərkəzində Londondakı məşhur Biq-Benin xırda maketi market şəklində ucaldılıb. Eyfel isə şəhərin girəcəyində ucaldılacaq. Artıq onun konstruksiyasına da başlanılıb.
Ümumiyyətlə başçının heyvanlara sevgisi barədə də qəribə əhvalatlar dolaşır. Bir qədər əvvəl məlum olub ki, Xaçmaz rayonunun mərkəzində baş vermiş qəza nəticəsində rayon icra başçısının qoydurduğu fil heykəli xəsarət alıb.
Bundan qəzəblənən başçı tapşırıq verib ki, fil yenidən düzəldilməlidir. Onu da qeyd edək ki, Xaçmaz rayonu Şəmsəddin Xanbabayev tərəfindən inşa edilmiş parklarının sayına görə Azərbaycanın barmaqla sayılacaq rayonlarından biridir. Burada 10-a yaxın park var ki, onların da əksəriyyəti heyvanlar aləmini əks etdirir.
Dəmiryolu vağzalının qarşısında Şah Ismayıl Xətaiyə qoyulmuş heykəl isə ordan götürülərək təxminən iki kilometr aralıya qoyulub. Mənbəmizin dediyinə görə, heykəlin köçürülməsinin səbəbi məlum deyil, amma “deportasiyayaya” 30 min manata yaxın pul silinib. Xanbabayev Koroğlunu tək də buraxmaq istəmir. O və Qıratı bu dəfə tək də qalmayacaqlar. Xaçmaz şəhərinin girişinin sol hissəsində Xanbabayev süni Çənlibel yaratmaq niyyətinə düşüb. “Həmin kompleksdə Koroğlu öz dəliləri ilə birgə olacaq. Amma neçə ”dəliyə” heykəl qoyulacağı bilinmir” deyə mənbə qeyd edə bilmədi.
Mürsəl
P.S. Xaçmazla bağlı geniş yazımızla gələn sayımızda tanış ola biləcəksiniz.


