Əslində Fransa da, N.Sarkozi də bir az əvvəl – bizim despotlara medallar və ordenlər paylayarkən gözümüzdən düşməli idi. Indi bir az gecdir. Ona görə də mən ifrat kəskin addımların tərəfdarı deyiləm, çünki belə addımların bizə xeyir gətirəcəyinə inamım yoxdur. Təbii, təzyiqlər bir müddət davam etməli, bir növ permanent xarakter daşımalıdır. Bunun səbəbləri var.
1. Qanun layihəsini hələ prezident imzalamayıb. Ola bilsin ki, son anda hansısa təzyiq və ya bəyanat Sarkozi üçün bir “soyuq vanna” rolunu oynasın və o, biabırçı qanunu imzalamasın, hərçənd, bunun ehtimalı elə də böyük deyil.
2. Hər halda, Fransa Minsk Qrupunun həmsədri kimi qalacağı təqdirdə ölkə rəsmiləri onun siyasətilə bağlı narahatlığı Fransanın rəsmilərinin diqqətinə çatdırmalıdır.
3. Indiki həmsədrlərə qarşı böyük etimad və ümid yoxdur. Amma təəccüblü cəhət budur ki, bizimkilər bunu sanki indi kəşf ediblər. Hər üç ölkə həmişə ermənipərəst siyasət yürüdüb, xüsusən də Fransa heç bir vaxt balans və ya tarazlıq gözləməyə cəhd etməyib. Bizimkilər Fransanın həmsədrliyi haqda o qondarma erməni soyqırımını tanıyarkən düşünməli idilər. Bəlkə siyasət bu olaydan da irəli gedir. Bəli, keçmiş SSRI-dəki sərhədlərlə bağlı narahatlıq keçirən ilk siyasətçilərdən biri hələ F.Mitteran olmuşdu. Hələ o vaxtlar məhz o, iddia edirdi ki, SSRI daxilindəki sərhədlər siyasi deyil, inzibati sərhədlər hesab olunmalı və onlara yenidən baxılmalıdır! Yenidənqurma dövründə də Qarabağla bağlı ilk siqnal məhz Fransadan gəlmişdi. Bunu nə tez unutduq?
4. Bütün bunlara baxmayaraq mən yenə də kəskin addımların tərəfdarı kimi çıxış etmək istəmirəm. Səbəb? Bilirsiniz, dünya siyasətinin bir çox məsələsi bu üç dövlətin razılığı ilə həll olunur. Bir vaxt Almaniya da Minsk Qrupunun həmsədri olmağa can atırdı. Bu, çox yaxşı olardı. Lakin yenə də bütün təklif və qərarlar adını çəkdiyim üç dövlətin süzgəcindən keçəcəkdi. Biz onları da prosesə cəlb etməklə müəyyən mənada neytrallaşdırmışıq. Indi onlar süni şəkildə olsa da özlərini münaqişə iştirakçılarına münasibətdə bir az bitərəf aparmağa cəhd edirlər. Əgər prosesə cəlb olunmasaydılar, kim bilir, həmin bu dövlətlər hansı “oyun”dan çıxardılar!
5.Kəskin addımlar ssenarisini də araşdırmaq olar. Lakin hər bir siyasi qərar ciddi məlumatlara və analizə söykənməlidir, mümkün nəticələr irəlicədən və özü də məsuliyyətlə araşdırılmalıdır.
Biz 162-ci yerə düşəndə…
“Sərhədsiz reportyorlar” bizə öz hesabatında 162-ci yer ayırıbdır və biz o siyahıda axırdan 17-ci yerdə qərar tutmuşuq. Bu da bizim göstəricimiz! Bir məsələ haqda düşünək. Fransa öz vətəndaşlarına hansısa uydurma “tarixi faktlar”ı şübhə altına almağı yasaq edir! Bizsə vətəndaşlarımıza hökumətin siyasətin tənqid etməyi, hökumətdən hesabat tələb etməyi, öz mövqeyini və iradəsini azad seçkilərdə izhar etməyi, sərbəst toplaşmağı yasaq etmişik! O qədər də böyük fərq yoxdur aramızda, deyilmi? Irandan və Koreyadan bizim fərqimiz nədir? Bircə fərq var. Bizim böyük iddialarımız yoxdur, benyəlxalq siyasətdə “oyunçu” statusuna iddia etmirik, öz nüvə proqramımız yoxdur, o ölkələrdən fərqli olaraq kosmosa can atmırıq! Biz bir növ təvazökar rejimik və bunun müqabilində mükafat umuruq. Bu mükafat nədir? Bizimkilər deyir ki, icazə və imkan verin, öz vətənlaşlarımızı özümüz bildiyimiz kimi istismar edək, əzək! Bəs Fransa nə deyir? O da ərz edir ki, sizə nə dəxli var, mən öz vətəndaşlarıma nəyi yasaq edirəm?! Tanış məntiqdir, deyilmi? Indi desən ki “Sərhədsiz reportyorlar” belə yazıb, ya deyəcəklər ki, qərəzdir, ya da bəyan edəcəklər ki, bu təşkilat o qədər əhəmiyyətsiz təşkilatdır ki, onun nə yazıb-yazmamasının elə bir əhəmiyyəti yoxdur. Lakin hansısa bir əhəmiyyətsiz və tanınmaz qəzet və ya jurnal bunlar haqqında yazanda, bir təşkilat çaşıb bir müsbət söz deyəndə düz bir həftə onu öz televiziyalarında “fırladırlar”! Indi nə edək? Dərdimizi kimə deyək? Doğrudan qəliz ölkədir! Gör, indi biz uzaq mənzildən necə görünürük! Bu haqda azacıq da olsa düşünürükmü? Bəlkə düşünək?



