Baş Prokurorluğun idarə rəisi Kamran Əliyevin açıqlamasında Prezident Administrasiyası rəhbərinin hədəfində olan məmurlara eyham vurulub
Bugünlərdə Baş Prokurorluq korrupsiya ilə bağlı ən çox şikayət olunan dövlət orqanlarının adlarını açıqladı. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisi Kamran Əliyev bəyan etdi ki, korrupsiya şikayətləri bütün dövlət strukturları ilə bağlı olur. Ardınca isə əlavə etdi ki, pensiya məsələləri, təhsil, səhiyyə, bank işi, hüquq-mühafizə orqanları, bələdiyyələr, yerli icra orqanlarıyla bağlı şikayətlər daha çox olur. Kamran Əliyev çalışdığı sistemi də yaddan çıxarmadı: “Heç şübhəsiz ki, daxil olan müraciətlər arasında bəzi qayda pozan prokurorluq işçilərindən şikayətlər də olub”.
Göründüyü kimi, Kamran Əliyev “bütün dövlət orqanları” desə də, bir neçə qurumu işarə edib: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi.
Bu məqam Kamran Əliyevin açıqlamasının obyektivliyinə kölgə salır, eyni zamanda, məhz adıçəkilən qurumların adlarının çəkilməsinin sifariş olduğunu düşünməyə əsas verir. Biz qətiyyən iddia etmirik ki, adıçəkilən orqanlarda korrupsiya yoxdur. Xeyr. Məsələ burasındadır ki, hazırda Azərbaycanda korrupsiyaya bulaşmayan və vətəndaşları narazı salmayan dövlət orqanı yoxdur. Bizi maraqlandıran budur ki, əgər bütün dövlət orqanlarından şikayətlər varsa, niyə onlardan bəzilərinin adı açıqlanır?
Bəlkə bu sualın cavabını Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə ünvanlanan şikayətlərin Prezident Administrasiyasına göndərilməsində axtarmaq lazımdır. Məsələ burasındadır ki, şikayətlər məhz orada “saf-çürük” ediləndən sonra müəyyən qərarlar verilir. Və bu məsələ Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin nəzarətindədir. Maraqlıdır ki, Kamran Əliyevin işarə vurduğu qurumların rəhbərləri – Füzuli Ələkbərov, Oqtay Şirəliyev və Misir Mərdanov Ramiz Mehdiyevin “qara siyahı”sındadır. Hər üç məmur PA rəhbərinin nəzarətindən kənarda olduqları üçün onun hədəfinə çevriliblər. Füzuli Ələkbərovla Oqtay Şirəliyev Paşayevlərə yaxındır. Misir Mərdanovun da Ramiz Mehdiyevin təzyiqlərindən qurtulmaq üçün artıq bu qruplaşmaya sığındığı deyilir.
Beləliklə, bu nəticəyə gəlmək olur ki, Kamran Əliyev əslində, Ramiz Mehdiyevin rəqiblərini “vurub”. Doğrudur, Kamran Əliyev çıxışında hüquq-mühafizə orqanlarından da bəhs edib. Amma hansından? Prokurorluqla bağlı o, ayrıca danışıb. Deməli, qalır Daxili Işlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi. Hər iki qurumdan ciddi narazılıq var. Lakin bəlli deyil ki, Kamran Əliyev bu qurumların hər ikisini nəzərdə tutub, yoxsa yox. Nəzərə alsaq ki, Ramil Usubov Ramiz Mehdiyevə yaxın şəxsdir, o zaman ehtimal eləmək olar ki, bu açıqlamanın daxili işlər nazirinə aidiyyəti olmayıb. Ən yaxşı halda, Kamran Əliyev bu qeyri-müəyyənliklə iz azdırmağa çalışıb.


