“Ya Fransa, ya Türkiyə…”

Davudoğlu ATƏT-in Minsk qrupu ila bağlı sərt tələb qoydu

Türkiyə Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çıxarılmasını istəyir. Rəsmi Ankaranın fikrincə, Paris “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etməklə obyektivliyini itirib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu “CNN Türk” telekanalına müsahibəsində bildirib ki, Fransanın ATƏT-in Minsk qrupundakı həmsədrliyi artıq müzakirə predmeti olmalıdır.
Nazir əlavə edib ki, Fransa ATƏT-in Minsk Qrupunda öz missiyasını davam etdirəcəksə, Türkiyə də bu qurumun üzvü olmalıdır:“Azərbaycan – Ermənistan probleminin bu və ya digər şəkildə təsir etdiyi iki millət var ki, onlardan biri ruslar, digəri türklərdir. Rusiyanı anlayırıq-problemin yaşandığı bölgəyə coğrafi yaxınlığı var, ABŞ 90-cı illərin ən önəmli super gücüdür, Fransanın burada hansı rolu oynadığına dair sualı soruşmağımız lazımdır. Türkiyə bu prosesin tərəflərindən biri olmayacaq, Fransa isə tərəflərdən biri olacaq və bu ölkənin prezidenti Ermənistana gedəcək. Azərbaycanda cəmi bir neçə saat qalan Sarkozi Ermənistanda 2 gün qalacaq və tərəfsiz olmadığını açıqca nümayiş etdirəcək. Həddi aşaraq dönüb Ağrı dağına baxacaq və sonra da həmsədr kimi vasitəçi rolunu icra etməyə çalışacaq. Mən vasitəçilik etmiş biri kimi deyirəm. Belə birinin vasitəçilik missiyasını yerinə yetirməsi mümkün deyil. Biz bundan sonra da bu məsələni müzakirə edəcəyik. Öz parlamentində kortəbii mövqeyi olan bir hökumətin bu missiyanı necə icra edəcəyini biz soruşacağıq. Hər şeydən əvvəl Minsk qrupunun üzvü kimi soruşacağıq. Sonra da torpaqlarının 20 faizi işğal edilmiş qardaş Azərbaycanın hüquqları adından soruşacağıq. Danışıqlar masasında Türkiyə də həmsədr kimi oturmalıdır və ya Fransa o masada olmamalıdır. Türkiyə olaraq bizim mövqeyimiz budur”.