Qazaxıstan müxalifəti mitinq keçirdi (VIDEO)

Qazaxıstanın Almatı şəhərində parlament seçkilərinin nəticələrinə etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları yeni seçkilərin keçirilməsini, hökumətin istefasını və Janaozen şəhərində baş verən hadisələrin araşdırılmasını tələb ediblər. Müxalifət nümayəndələrinin qəbul etdiyi qətnamədə Janaozen şəhərində dekabrın 16-da 16 nəfərin ölümü ilə nəticələnmiş kütləvi iğtişaşlara görə məsuliyyət daşıyanların cəzalandırılmasının vacibliyi vurğulanır.

Polis müxalfətin aksiyasının qarşısını almaq üçün səhər saatlarından “preventiv tədbirlərə” əl atıb. Bir neçə nəfər müxakifət fəalı, aralarında müxalifyönlü “Vzqlyad” qəzetinin baş redaktoru İqor Vinyavski də olmaqla, saxlanılıb. Məlumatlarda aksiyaçıların təxminən 1000 nəfər olduğu deyilir. Polis əvvəlcə onların toplaşmasına imkan verməyib, amma bir müddət davam edən danışıqlardan sonra mitinqin Respublika Sarayı yaxınlığındakı kiçik meydanda keçirilməsinə razılıq verilib.

Aksiyaçılar saxlanılan müxalifət fəallarının sərbəst buraxılmasını tələb ediblər.Mitinqdə  həmçinin Qazaxıstanın Avrasiya və Gömrük birliklərindən çıxması tələbi səslənib.

Aksiyanın təşkilatçıları parlament seçkilərinin nəticələrinə etiraz etmək üçün fevralın 25-də növbəti kütləvi nümayişin keçirilməsini təklif ediblər.