«Sanur Holding»i Ziya Məmmədovun dələduzluqda ittiham olunan şəriki idarə edirmiş
Nəqliyyat Nazirliyinin elan etdiyi tenderlərdə qalib olan şirkətlərdən biri də “Sanur Holding”dir. Ötən sayımızda bu şirkətin Ziya Məmmədova yaxın olduğu, hətta onun rəhbərliyində nazirin ailə üzvlərinin də təmsil olunduğu barədə məlumat vermişdik. “Bizim yol”un yazdıqlarından isə bəlli olur ki, “Sanur Holding”in sahiblərindən biri də Qulam Ələkbərov adlı şəxsdir. Bu şəxs həm də bir mənzili bir neçə nəfərə satmaqla vətəndaşları aldadan “AQ Inşaatçı Servis” MMC-nin sahibidir. Tikinti şirkətinin adındakı “Q” hərfi də onun adını simvolizə edir.
“AQ Inşaatçı Servis”in vətəndaşları aldatması üzə çıxanda “Azadlıq” Ziya Məmmədova çox yaxın olan bu şəxs barədə ilginc faktlar dərc etmişdi. Xatırladaq ki, Qulam Ələkbərov vaxtilə Dövlət Gömrük Komitəsinin Gəncə şöbəsində rəis müavini vəzifəsində çalışıb. Işdən çıxarıldıqdan sonra paytaxtın “Gənclik” metrostansiyasının yaxınlığında “Milyonerlər məhəlləsi” deyilən ərazidə ev tikintisi ilə məşğul olub. Onun Ziya Məmmədovla tanışlığı da buradan başlayıb. Qulam Ələkbərov nazirin Teymur Əliyev küçəsindəki villasının inşasını həyata keçirib. Daha sonra Ziya Məmmədov tikinti biznesinin idarəçiliyini Qulam Ələkbərova verib.
Qulam Ələkbərov barəsində ilginc faktlardan biri də onun vaxtilə dövlət çevrilişinə görə istintaqa cəlb olunmasıdır. Goranboy rayonundan olan Qulam Ələkbərovun keçmiş briqada komandiri Rasim Əkbərovla isti münasibətləri olub. Briqada komandiri Heydər Əliyevə qarşı çıxandan sonra həbs olunarkən Qulam Ələkbərov da bu iş üzrə istintaqa cəlb olunub. Lakin o, məsuliyyətə cəlb edilməyib.
Goranboyun hazırkı icra başçısı Nizaməddin Quliyevin bu vəzifəyə gətirilməsində, həmçinin keçmiş deputat Gültəkin Hacıbəylinin 2010-cu ilin parlament seçkilərindən sonra mandatsız qalmasında Qulam Ələkbərovun böyük rolu olduğu bildirilir.