Mübarizə varsa, rüşvət niyə azalmır?

Korrupsiya idarəsinin rəisi rüşvətalma faktlarının artdığını bildirib

2011-ci ildə Azərbaycan hüquq-mühafizə orqanlarından Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə 30 məlumat daxil olub.
APA-nın məlumatına görə, bunu Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisi Kamran Əliyev ötən gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, daxil olan həmin məlumatlardan 9-u Fövqəladə Hallar Nazirliyindən, 9-u Ədliyyə Nazirliyindən, 1-i Məhkəmə-Hüquq Şurasından, 1-i Daxili Işlər Nazirliyindən, 1-i Dövlət Miqrasiya Xidmətindən, 4-ü Milli Təhlükəsizlik Nazirliyindən və 5-i digər hüquq-mühafizə orqanlarından olub.
Həmin məlumatlar əsasında araşdırma aparılaraq 25-i üzrə cinayət işi başlanıb, onlardan 15-i məhkəməyə göndərilməklə 5 cinayət işi üzrə hökm çıxarılıb, 10 iş məhkəmə baxışındadır. Daha 10 cinayət işi üzrə isə hazırda ibtidai istintaq davam edir.
Qeyd edək ki, yanvarın 27-də Azərbaycanda hökumət strukturlarında geniş antikorrupsiya kampaniyasının başlanmasından bir il ötür. Keçən il yanvarın 27-də prezidentin tapşırığı ilə hökumətin bütün strukturlarında antikorrupsiya iclasları keçirilib.
Kampaniyanın ilk aylarında hətta hökumətin sərt tənqidçiləri də görülən tədbirlərin bəzi sahələrdə ciddi dəyişikliklərə səbəb olduğunu deyirdi. Amma onlar həm də qeyd edirlər ki, bir neçə ay sonra vəziyyət əvvəlki illərdən daha da pisləşib. “Transparency International” təşkilatının sonuncu hesabatına görə, 2011-ci il Korrupsiyanı Qavrama Indeksinə görə Azərbaycan 2,4 balla 183 ölkə arasında 143-cü sırada qərarlaşıb.
ADP sədri Sərdar Cəlaloğlu söyləyir ki, korrupsiyaya qarşı Azərbaycanda aparılan mübarizə ən effektsiz mübarizədir: “Bu yolla korrupsiyanın qarşısını kəsmək olmaz. Korrupsiya sözünün mənası siyasi vəzifədən istifadə etməklə iqtisadi cinayət törətmək deməkdir. Bu mənada siyasi hakimiyyətdən qaynaqlandığına görə yalnız siyasi hakimiyyət üzərində başqa bir siyasi nəzarət olduğu halda, korrupsiyanı dayandırmaq olar. Bu da o deməkdir ki, Azərbaycanda çoxpartiyalı siyasi sistem formalaşmadığı üçün korrupsiyaya qarşı mübarizədən danışmaq yanlışlıqdır. Bu məsələ siyasi fəaliyyətlə bağlı olduğuna görə problemi həll etmək də yalnız siyasi yolla mümkündür”.
Sözügedən məsələni iqtisadçı-mütəxəssis gözü ilə izah edən Nemət Əliyevin fikrincə, korrupsiyaya qarşı mübarizə idarəsi əməli bir iş görmür. Nemət bəyə görə, ərəb dünyasında inqilablar baş qaldıranda Azərbaycan tərəfi qorxuya düşdüyündən imitasiya xarakteri daşıyan bir neçə addım atıb: “Məsələnin bu minvalla davam etməsi gözlənilsə də, az müddət sonra korrupsiyaya qarşı mübarizəni dayandırdılar. Bu, dövlətin başından verilən komanda ilə idarə olunan məsələ idi ki, qısa müddətdən sonra dayandırıldı. Bunun da səbəbi aydındır, Azərbaycanda korrupsiya və rüşvətxorluq, monopoliya və haqsız rəqabət dövlət hakimiyyət idarəetmə orqanlarında idarəetmənin bir üsulu kimi nəzərdə tutulub. Bundan da faydalanırlar. Azərbaycanda nə qədər ki, işə bu cür münasibət var, sözdən əməli işə keçməyiblər, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ancaq sözdə mövcud olacaq. Hakimiyyət və dövlətin başında dayanan şəxslər ortaya siyasi iradə qoysa ki, ölkənin ictimai həyatı üçün çox təhlükəli olan bu problem qısa müddətdə aradan qaldırılacaq, onu əhali və beynəlxalq aləm də dəstəkləyər. Lakin təəssüf ki, real durum tam əksinədir”.

Nigar