Məmur-oliqarxlara “milyonluq tapşırıq”

Onlara Xəzərdə salınacaq yeni şəhərdə əmlak almaq tapşırılıb

Azərbaycandakı məmur-oliqarxlara Xəzər dənizində salınacaq yeni ada şəhərdə – “Khazar Islands”da əmlak almaq tapşırılıb. Bu barədə “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, artıq bəzi məmurlar bu tapşırığa əməl edib.  Adada mülk almaq öhdəliyi iri sahibkarların da üzərinə qoyulub.
Yeri gəlmişkən, layihəni icra edən “Avesta” şirkətinin prezidenti Hacı Ibrahim Nehrəmli mətbuata açıqlamasında da bildirib ki, artıq yeni şəhərdə 50 milyon manatlıq amlak satılıb.
Bu fakt məmur-oliqarxlara göstəriş verilməsilə bağlı məlumatın doğru olmasına inamı bir qədər də artırır. Çünki kiminsə hələ layihə başa çatmamış könüllü şəkildə pullarını ora yatırması ağlabatan deyil.
“Khazar Islands”ın salınması layihəsinin icrası təqribən 100 milyard dollara başa gələcək. Dənizdə süni arxipelaq üzərində salınacaq “Khazar Islands” ümumi sahəsi 3 min hektar olan 41 müxtəlif ölçülü adadan və onun üzərində salınmış 19 mikrorayondan ibarət olacaq. Arxipelaqın özü uzunluğu 8 km, eni 3 km. olmaqla ümumilikdə 24 kv. km-i əhatə edəcək. Adaların bulvar xəttinin ümumi uzunluğu 50 km-ə çatacaq. Tikinti işlərinə 10 ay əvvəl başlanıb, hazırda layihəyə daxil olacaq böyük adalardan birinin və onun üzərindəki 6-7 yaşayış binasının tikintisi gedir. Ümumilikdə, 2022-2023-cü ilədək tikiləcək şəhərin 1 mln. sakini olacaq.