Orxan Kərimov «Azadlıq»a növbəti məktub göndərib
Orxan Kərimovun həbsi ətrafında müəmmalar hələ də davam edir. Onun həbsxanadan göndərdiyi məktublarla artıq tanışsız. Bu məktublar O.Kərimovun günahsız olmasının gözlə görünən sübutudur. Amma bütün bu sübutlar rəsmilərə onun qanunsuz saxlandığı təcridxanadan buraxılmasına hələ də əsas vermir. Səhhətindəki problemlərlə bağlı müalicəsinə də nədənsə şərait yaradılmır. Onun göndərdiyi növbəti məktubu dərc edir və ümidvarıq ki, heç olmasa bu müraciət səlahiyyətliləri düşünməyə, O.Kərimovun səhhəti və cinayət işi ilə bağlı son vəziyyəti dəyərləndirməyə yardımçı olacaq:
“Təbii ki, səhhətimdə ciddi problemlər var və mən təcili əməliyyat olunmalıyam. Ancaq təsəvvür edin ki, həbsdə olduğum artıq 8 ay ərzində hələ bircə dəfə də olsun şərait yaratmayıblar ki, məni əməliyyat etmiş cərrah-kardioloq və ya başqa bir mütəxəssis məni heç olmasa müayinə etsin. Vəkilimin, çox hörmətli ziyalıların bu barədə çoxsaylı xahişlərinə əhəmiyyət verilməyib. Mən faktiki olaraq zəruri tibbi yardım almaq hüququmdan məhrum edilmişəm. Hüquqi dildə belə münasibətin ancaq və ancaq bir adı var, o da işgəncə verməkdir. Belə çıxır ki, mən artıq Işgəncələr Əleyhinə Beynəlxalq Təşkilatlara müraciət etməliyəm. Onu da edərik. Özümə qarşı son dərəcə qəddar münasibəti heç cürə başa düşə bilmirəm. Bildiyiniz kimi, hətta cəbhə xəttində əsir düşən erməni banditlərinə də tibbi yardım göstərilir. Ancaq mənim belə hüququm yoxdur. Sanki kimsə bilərəkdən vəziyyəti gərginləşdirmək istəyir.
Son günlər cinayət işinin materialları ilə tanış oluram. Bir daha məndə əminlik yaranır ki, ittiham olunduğum məsələlərlə bağlı tamam başqa şəxslərin çox ciddi hüquqi məsuliyyəti vardır. Və bu faktlardan qətiyyən qaçmaq mümkün deyildir. Belə ehtimal edirəm ki, hazırda mənim həsbdə olmağım əslində iri kalibrli bir neçə məmurun hədəf seçilməsi ilə bağlı “çox incə” bir gedişdir. Çünki həqiqətən də mənə təqdim edilən sənədlərdə konkret imzalar vardır. Təsəvvür edin ki, hələ ki, adıma yazılan bir sıra şəxslərin qanunsuz köçürülmələri barədə təqdimatı Bakıdakı dövlət universitetlərindən birinin rektoru yazıb imzalayır, Təhsil Nazirliyi isə buna icazə verir. Ancaq həbs olunan mənəm. Gülməli deyil? Sənədlərlə tanış olarkən, adam özünü qorxulu nağıllar aləmində hiss edir. Bəzi səlahiyyət sahiblərinin gerçək əməllərini görəndən sonra öyrədilərək haqqımda qondarma ifadə verən, özünü mənim adımla təqdim edib dələduzluq edən şəxs artıq mənim gözümdə quzu balasıdır. Bilavasitə mənim işimə aid olmasa da, ancaq burada tanış olduğum bir faktı da açıqlayacam.
Hələ 1998-ci ildə Baş Prokurorluq və Təhsil Nazirliyi ilə birgə ölkəmizdə qanunsuz fəaliyyət göstərən ali təhsil müəssisələrini aşkar etmişdi, onların adları, ünvanları geniş ictimaiyyətə açıqlanmışdı, çoxsaylı cinayət işləri açılmışdı. Və bu müəssisələrdə tələbə kimi qeydiyyatda olan şəxslərin qanuni fəaliyyət göstərən universitetlərə köçürülməsi qəti qadağan edilmişdi. Təsəvvür edin ki, qanunsuz fəaliyyət göstərən siyahıda adı qeyd olunmuş və fəaliyyəti 10 ildir ki, qadağan edilmiş Dağıstan Universitetinin Bakı filialından 2009-cu ildə Bakıdakı dövlət universitetlərinin birinə “tələbələrin” köçürülmələri edilir. Bütün rəsmi icazələr, imzalar, sənədlər də var. Yaxşı, bunu da mən eləmişəm? Bu faktı həm də ona görə açıqladım ki, bəlkə də hamıdan çox mən məhkəmə prosesinin keçirilməsini və əsl günahkarın aşkar olunmasını istəyirəm.
Hazırda özümü girovluqda hiss edirəm. Ancaq XXI əsrdir, orta əsrlər tarixdə qalıb və mən inkvizisiya məhkəməsi qarşısına çıxarılmayacam. Ona görə də şərait yaradılmalıdır ki, mən məhkəməqabağı ürəyimdən əməliyyat oluna bilim. Mən konflikt və problem axtaran insan deyiləm, sadəcə ən elementar hüquqlarımı tələb edirəm və dəqiqi bilirəm ki, ən qeyri-obyektiv məhkəmə belə, bütün məsələlərə görə məni cəzalandıra bilməz. Sadəcə bəzi suallar hələ ki, mənə qaranlıq qalıb, bu əməllərin əsl müəllifləri, görəsən, nəyə arxayın imişlər? Və nəyə görə gələn selin qabağına məhz məni veriblər?”