“Milliyet”: “Azərbaycan iqtidarı bu olayda səssiz qaldı”
“Ankara Bakıdan gözlədiyi addımları görmədi”
Fransa Senatının məlum “soyqırım qanunu”na rəsmi Bakının arzulanan reaksiyanı verməməsi Türkiyə mediasının gündəmindən düşmür. Bu mövzuda növbəti məqalə “Milliyet” qəzetində dərc olunub.
Köşə yazarı Semih İdiz qələmə aldığı “Azəri dəstəyi” məsələsi” başlıqlı yazıda Azərbaycan hakimiyyətinin rəsmi Ankaraya bu məsələdə nə dərəcədə dəstək verdiyinə dair fikirləri saf-çürük edib. Müəllif xatırladır ki, Fransa ilə yaşanan “erməni soyqırımı” böhranında Azərbaycandan Türkiyəyə nə nədər dəstək gəldiyi sualı “Hürriyet” qəzetinin yazarı Taha Akyolun “Azərbaycandan səs gözləyirik” başlıqlı məqaləsi ilə aktuallaşıb. “Akyolun fikrincə, Bakının Türkiyəyə verdiyi deyilən dəstək çox aşağıdır”, deyə qeyd edən Semih İdiz yazır ki, doğrudur, Azərbaycanın vitse-spikeri Ziyafət Əsgərov bu qanunla Azərbaycan-Fransa əlaqələrinin zərər görəcəyini bildirdi, Azerbaycan parlamenti bəyanat verdi, amma bunlar olayın ciddiliyi qarşısında olduqca aşağı mövqeli münasibətlərdir.
“Qısası, Azərbaycan iqtidarı bu olayda böyük ölçüdə səssiz qaldı. Prezident İlham Əliyevin hər hansı açıqlaması isə mətbuatımızda yer almadı. Oysa, Əliyevin vaxtında fransızları düşündürəcək bəyanatlar verməsi Qafqazlarda marağı olan, bu arada Qarabağ problemini guya çözəcək Minsk qrupuna həmsədrlik edən Paris üzərindəki basqını bir qədər də olsa artırardı”, – deyə müəllif yazır.
Semih İdiz onu da qeyd edir ki, rəsmi Bakının belə yumşaq mövqeyini Türkiyədə yetərli sayanlar da var. O, bu sırada “millətçi dairələri” göstərir. Müəllif yazır ki, Türkiyədəki millətçi dairələr, baş verənlərə baxmayaraq, Azərbaycanın üzərinə “toz qondurmaq” istəmirlər.
Semih İdiz bir az əvvəl azərbaycanlı həmkarı ilə görüşən Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günayın Fransa Senatının qərarına münasibətdə rəsmi Bakının mövqeyindən razı qaldığını söyləməsini yada salır və qeyd edir ki, daxil olan məlumatlar Ərdoğan hökumətində heç də hamının Günay kimi düşünmədiyini göstərir.
“Haqqında danışılan qanun layihəsi Fransa parlamentinin aşağı palatasında qəbul ediləndə öyrənmişdik, Ankaranın “Azeri dəstəyi” ilə bağlı narahatlığı yox idi. Ancaq durumun indi bir az fərqli olduğunu sezirik. Bu da qanun layihəsinin Fransa parlamentinin aşağı palatasından Senata qədər gəldiyi zaman kəsiyində Ankaranın Bakıdan gözlədiyi addımları görmədiyinə dəlalət edir”, – deyə “Milliyet”in yazarı vurğulayır.
Yazıda Azərbaycan müxalifətinin də Bakının Ankaraya lazımi dəstək vermədiyinə inandığı bildirilir və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin bu mövzuda qələmə aldığı “Əliyevlə Sarkozi arasında gizli anlaşma olub?” başlıqlı yazıya istinad edərək yazır ki, Fransa prezidentinin Cənubi Qafqaz səfərində azərbaycanlı həmkarını “inkar qanunu”nun Bakıya zərər verməyəcək şəkildə hazırlandığına inandırdığı haqda xəbərlər də dolaşır.
Məqalənin sonunda müəllif qeyd edir ki, Ankara Ermənistanla 2 il müzakirə edib, Surixdə təmtəraqla imzaladığı protokolları sırf Azərbaycanın etirazına görə iki dəfə düşünmədən “yandırdı”. Bu baxımdan Türkiyədə indi Azərbaycanın dəstəyi mövzusunda “həssas sualların” meydana çıxması azərbaycanlı diplomatları qəzəbləndirsə də, normal sayılmalıdır.


