Yusif Bağırzadə: «Senatın bu qərarına dövlət səviyyəsində cavab verilməlidir»
Fransa Senatında qondarma erməni soyqırımını inkar edənlərə cəza nəzərdə tutan qanunun qəbulu Azərbaycanda da etirazla qarşılanıb. Bir çox siyasi partiya və təşkilatlar Bakıdakı Fransa səfirliyi qarşısında piketlər keçirir, bu ölkənin ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması tələbini irəli sürür. Hakimiyyət təmsilçiləri isə buna sadəcə bəyanatla cavab verməklə kifayətlənir. Baxmayaraq ki, Türkiyə tərəfi rəsmi Bakıdan daha ciddi addımların, o cümlədən birinci şəxs səviyyəsində məsələyə münasibət bildirilməsini gözləyir. Hakimiyyətin bu mövqeyi isə cəmiyyətdə birmənalı qarşılanmır.
Fransa Senatının qərarına bu ölkənin Bakıda səfirliyi qarşısında piketlə etiraz edənlər arasında AMIP də var idi.
Partiya sədri Yusif Bağırzadə Senatın bu qərarına Azərbaycanda dövlət səviyyəsində cavab verilməli olduğunu deyir.
Partiya sədrinin fikrincə, Fransa Senatının bu qərarı beynəlxalq qanunlara da ziddir. Senat yalnız soyqırım haqqında qanun qəbul edə bilər. Buna hüquqi qiyməti isə BMT TŞ, yaxud Avropa Insan Haqları Məhkəməsi verməlidir. Faktiki olaraq Fransa bu addımla həmin təşkilatların funksiyasını yerinə yetirmiş olub. Bununla da öz vətəndaşlarının və ölkəsinə gələn əcnəbilərin hüquqlarını kobud şəkildə pozub.
Y.Bağırzadənin sözlərinə görə, Azərbaycan eyni zamanda Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılmasını da tələb etməlidir. Çünki həmsədr ölkə birmənalı şəkildə tərəfsizlik nümayiş etdirməlidir. Bu səbəbdən də Fransanın həmsədr statusunda qalması qeyri-müəyyəndir. Artıq bu, rəsmi şəkildə Azərbaycanın əlinə həmsədr ölkənin dəyişdirilməsini tələb etmək üçün şans verir: “Rəsmi Bakı Fransanın həmsədrlik hüququnun alınması haqqında bəyanat verməlidir. Bundan istifadə edib BMT TŞ-yə müraciət etməlidir. Bu ölkənin həmsədrlikdə qalması Azərbaycana ziyandır. Senatın bu qərarı ölkəmizə də toxunur”.
Fizzə


