İctimai Palata ziyalıların mitinqinə dəstək verəcək

Gözəl Bayramlı: «Forumun təklif etdiyi kimi, geniş miqyaslı bir aksiyaya ehtiyac var»

Tofiq Yaqublu: «Bu aksiyanın dəstəklənməsi vacibdir»

Ziyalılar Forumunun Fransa Senatının məlum qərarının əleyhinə keçirməyi planlaşdırdığı 30-40 minlik etiraz aksiyasına Ictimai Palata da dəstək verəcək.
AXCP sədrinin müavini Gözəl Bayramlı Forumun bu təşəbbüsünü yüksək qiymətləndirdiklərini deyir: “Hesab edirəm ki, forumun təklif etdiyi kimi, geniş miqyaslı bir aksiyaya ehtiyac var. Azərbaycan Fransa Senatının qəbul etdiyi bu qanuna qarşı sərt etirazını ortaya qoymalıdır. Mitinq bu etirazın ən uğurlu formalarından biridir. Ictimai Palatanın Koordinasiya Şurasının hansı qərarı qəbul edəcəyini bilmirəm. Amma mən Ziyalılar Forumunun bu aksiyasına dəstək verməyin tərəfdarıyam, özüm də bu aksiyada iştirak edəcəm”.

Müsavat başqanının müavini Tofiq Yaqublu Forumun bu qərarını alqışladığını bildirir: “Fransa Senatının qəbul etdiyi qanun olduqca absurddur, demokratiya və insan haqlarına hayqırıdır. Bu, həm Türkiyənin, həm də Azərbaycanın mənafelərinə zidd olan bir qanundur. Ona görə də bu aksiyanın dəstəklənməsi vacibdir. Siyasi partiyalar mümkün qədər Forumun bu mitinqinə dəstək verməlidirlər”.
Qeyd edək ki, Ziyalılar Forumu aksiya ilə bağlı Bakı Şəhər Icra Hakimiyyətinə müraciət etməyi planlaşdırır. Forumun rəhbərliyindən təmsil olunan Rüstəm Ibrahimbəyov bildirib ki, Azərbaycanın siyasi hakimiyyətinin məlum qərara münasibəti daha güclü, daha emosional və daha ardıcıl olmalıdır: “Ziyalılar Forumu Bakı meriyasına müraciət edəcək ki, böyük mitinq keçirməyə, əhaliyə etirazını bildirməyə şərait yaradılsın. Türkiyədə görəndə ki, minlərlə azərbaycanlı onlarla bir yerdədir, bu, onlara böyük dəstək olacaq. Bu, Fransaya da etirazdır. Belə xalq hərəkatlarına bütün dünya fikir verir. Türkiyəyə məhəbbətimizi, dostluğumuzu göstərməliyik”.

Gültəkin