Başqanlıq məsələsi

Aylardan bəridir Azərbaycanın siyasi gündəminin əsas mövzularından biridir bu – Müsavatın yeni başqanı kim olacaq? 

Və bu mövzunun siyasi gündəmi bir belə məşğul etməsində təəccüblü heç nə yoxdur. Söhbət Müsavat kimi ölkənin ən köklü, Azərbaycanın bu günü və gələcəyi üçün müstəsna önəmli bir partiyadan və Isa Qəmbər kimi ciddi bir siyasətçinin o partiyanın başından çəkilməsindən gedirsə, bunca müzakirələr, bunca ictimai diqqət, bunca media marağı təbiidir.
Amma son həftələrdə müzakirələrin fərqli yönə axışı təəssüf doğurur. Isa Qəmbərin yenidən partiya başqanlığında qalması üçün yolların arayışına baş vurulmasını nəzərdə tuturam.
Müsavat cameəsi illər əvvəl iki dəfədən artıq başqan seçilməyə məhdudiyyət qoymaqla yanlış bir addım atdı. Bu, hər nə qədər xoş niyyətlə, xalqa və rejimə demokratiya örnəyi göstərmək üçün atılan bir addım olsa da, əsla və əsla doğru deyildi. Bəlkə də bir az da Isa Qəmbərin ən qısa vaxtda prezidentlik qoltuğuna oturacağına eyforik inamdan doğan bir davranış idi. Istənilən halda, ən sivil ölkələrin təcrübəsində belə, siyasi partiya liderliyinə məhdudiyyət nümunəsinə rastlamazsınız, hər halda, mənə belə örnək məlum deyil.
Amma əgər olan oldusa, o səhv addım atıldısa, partiya nizamnaməsinə belə bir maddə qoyuldusa, Müsavata yaraşan gərəkəni yerinə yetirməkdir. Məhdudiyyət maddəsini sonunadək uyğulamaq, öz daxili demokratiyasına sədaqətini növbəti dəfə nümayiş etdirməkdir.
Mən bunu yalnız ona görə yazmıram ki, sabah Müsavat və bütünlükdə demokratik düşərgə “bəs prezidentliyə qoyulan məhdudiyyəti aradan qaldıranda niyə dodaq büzürdünüz?” kimi ciddi bir arqumentlə, arqumentdən də çox ittihamla qarşı-qarşıya qalmasın. Mən bunu heç ona görə də yazmıram ki, 2009-cu ildəki o çirkin, o üzqarası, Azərbaycanı respublikaçılıqdan götürüb monarxiyanın ağuşuna atan o utancverici, rəzil referendum kütlənin gözündə legitimlik qazanmış olmasın.
Mən bunu həm də ona görə yazıram ki, oyun davam edərkən qaydalar dəyişməz. Hələ-hələ, bir şəxs üçün heç dəyişməz. Dəyişərsə də, bunun adı əsla və əsla demokratiya olmaz. Bütpərəstlik olar, şəxsiyyətin əvəzedilməzliyi, toxunulmazlığı olar, amma demokratiya olmaz, sevgili dostlar, qardaşlar!
Isa Qəmbərdən sonrakı Müsavat üçün hər nə qədər mən də qayğılı olsam da, mənim də suallarım, şübhələrim olsa da, daşıdığımız dəyərlər, Azərbaycanın baştacı etmək üçün əldən-ayaqdan getdiyimiz prinsiplər hamıdan və hər kəsdən öndədir. O dəyərləri, o prinsipləri ufacıq zədələmək haqqımız yoxdur, müzakirə mövzusu ən çox sevdiyimiz, rəğbət duyduğumuz, hörmət etdiyimiz insanlar olsa belə, yoxdur bu haqqımız! Bu lüksümüz yoxdur.
Qısası, nə vaxtsa edilən bir səhvi bu gün başqa bir səhvlə aradan qaldırmağa çalışmaq yanlışdır. Bu belə də bilinə!
Dövlətmi, Həsən dayının dəyirmanımı?
Əziz oxucular, sonda sizi bir adamın iki açıqlaması ilə baş-başa buraxıram. Bu açıqlamaların arasında cəmi iki aylıq bir zaman məsafəsi var.
Oxuyun və yaptokratların ağızdolusu danışdıqları, Heydər Əliyevin adı ilə bağladıqları Azərbaycan dövlətçiliyinin gerçək vəziyyətini özünüz düşünün.
Beləliklə, iki aylıq bir zaman fərqi ilə eyni ağızdan çıxan o açıqlamalar:
24 oktyabr 2011-ci il. Gəncə şəhər Təhsil Idarəsinin rəisi Mahal Əliyev: ?Gəncənin orta məktəblərində saxta diplomlu müəllimlərə rast gəlmək mümkün deyil. Son 5 ildə Gəncədə işə götürülən orta məktəblərinin müəllimlərinin diplom nömrələri Təhsil Nazirliyinə göndərilərək yoxlanılıb və yalnız nazirlikdən müsbət cavab alındıqdan sonra həmin müəllimlərin işə götürülməsinə qərar verilib?.
23 yanvar, 2012-ci il. Yenə Gəncə şəhər Təhsil Idarəsinin rəisi Mahal Əliyevin dilindən: ?Gəncədə saxta diplomlarla bağlı bir neçə günlük yoxlama sonna çatıb və saxta diplomla çalışdığı məlum olan 20 müəllimlə olan əmək müqaviləsi ləğv edilib?.