Bakıya yağan qar hökumətin yarıtmazlığını üzə çıxardı

Şəhər təssərrüfatı iflic oldu: yollar təmizlənmədi; nəqliyyatın iş rejimi pozuldu; metronu belə, “don vurdu”


Bakıda yağan güclü qar hökumətin “analoqu olmayan inkişaf”ını darmadağın etdi. Yollar buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib. Şəhərin müxtəlif ərazilərində yol-nəqliyyat qəzaları baş verir, sürücülərin həyatı üçün təhlükə yaranıb. Hər il olduğu kimi, bu il də milyon manatlar hesabına tikilən yeni körpülərdə istilik sistemi işləmir. Nəticədə maşınlar sürüşür, qəza təhlükəsi yaranır.

Avtobusların iş rejimi qısaldıldı

“Sərnişin Nəqliyyat” ASC-nin yaydığı məlumatda bildirilir ki, ötən gün şəhərdaxili marşrutlarda 1800 avtobus işləyir ki, bu da adi günlərə nisbətən 400-500 avtobus azdır: “Bununla yanaşı, yolların buz bağlaması və hərəkətin çətinləşməsi avtobusların işinə problem yaradır. Xətlərdə kifayət qədər avtobus olmasına baxmayaraq, yollar pis olduğuna görə, onların bir hissəsi son dayanacaqlarda qalıb”.

Hava şəraiti pis olduğundan, avtobusların iş rejimi 2 saat qısaltdı. Beləliklə, axşam saat 23-24-ə qədər işləyən avtobuslar saat 22:00 olmamış yollardan yoxa çıxdılar.
Parklarda yerə düzülən bahalı mərmər daşları şaxtadan buz bağladığına görə şəhər sakinləri orada hərəkət edə bilmirlər. Vəziyyətdən çıxış yolunu fontanların suyunun açıb-buraxılmasında görən park rəhbərləri işi lap çətinləşdiriblər. Belə ki, bir an içərisində buza çevrilən parklarda yalnız körpələr sevinclə yıxıla-yıxıla sürüşürlər.  
Qarda batıb qalan maşınların sahibləri yoldan ötənlərə əl eyləyib bataqlıqdan çıxmağa çalışırlar.
Işin ən maraqlı tərəfindən biri də budur ki, yollarda Post-Patrul Xidmətinin maşınları da adda-budda gözə dəyirdi.

Sürücülərin “kəllə-çarxı”

Qarın yağmasından sui-istifadə edən taksi sürücüləri süni şəkildə gediş qiymətlərini qaldırıblar. Artıq iki gündür ki, taksi sürücüləri qəsdən qiymət artımına gedərək, sərnişinlərdən daha artıq pul qoparmağa çalışırlar. Yolların buz bağlamasını, avtomobilin idarə edilməsində çətinliklərin yaranmasını anlamaq olar. Ancaq qiymətlərin üç dəfə artırılmasını başa düşmək olmur.
Məsələn, biz paytaxtın qarlı havasından reportaj hazırlamaq üçün metronun “Azadlıq prospekti” stansiyasında “taksovatlıq” edən sürücüdən metronun “Gənclik”, oradan “Memar Əcəmi”, daha sonra “Elmlər Akademiyası” stansiyalarına getməsi üçün nə qədər pul alacağını soruşduq. Sürücünün cavabı qarın donvurmasından daha çox təsirli oldu. Adi günlərdə bu yolu 10-15 manata getdiyimiz halda, 50 manat istənildi.

Rayonlara işləyən taksilər də sərnişinlərə qiymət “oxuyurlar”. Lənkərana adi vaxtlarda sərnişinin birini 10 manata aparan “Mercedes-190” markalı sürücü indi 20 manatdan aşağı apara bilməyəcəyini deyir. Səbəbini çox rahat və aydın izah edir: ”Indi bu havada maşın sürmək çox çətindir. Biz riskə gedirik. Hər şey ola bilər. Xırda bir ehtiyatsızlıq bizə baha başa gələcək. Ona görə də qiyməti qaldırmışıq”.
Sumqayıta adi günlərdə adambaşına 1 manat hayqıran sürücülər 5 manata sərnişin yığırlar. Əksər maşınların təkərlərinə zəncir vurulmayıb. Bunun səbəbini sürücülərdən soruşanda baha olduğunu deyirlər.

Avtobusun gəlməsini gözləməyib taksi ilə evinə gedən sərnişin adi günlərdə Nərimanov metrosunun qarşısından 7-ci mikrorayona 3-4 manata gəlirmiş. Ancaq qar yağandan sonra 12 manata gəlib.
3-cü mikrorayon dairəsinin yaxınlığında, köhnə avtovağzal adlanan ərazidə onlarla avtobusun hərəkəti də donub. Sürücülərlə söhbət zamanı məlum oldu ki, onlar hələ bir neçə gün paytaxtda var-gəl etmək məcburiyyətindədirlər.

Bakı merinin aparatları

Hava şəraitinin kəskin pisləşməsi yerüstü nəqliyyatla yanaşı yeraltı nəqliyyatın da işini iflic edib. Səhər saatlarında metronun “28 may” stansiyasından “Dərnəgül” stansiyasına doğru gedən qatarların hərəkət qrafiki pozuldu. Həmin istiqamətdə hərəkət edən qatarlar arasında interval 22-25 dəqiqə oldu. Nəticədə “28 may” stansiyasında qatar gözləyən insanların sıxlığı həddən artıq çoxaldı. Sıxlıq zamanı bəzi sərnişinlərin səhhətində problemlər yarandı. Metropoliten bir neçə saatdan sonra yaranmış problemi qismən həll edə bildi. Belə ki, qatarlar arasında interval 10-12 dəqiqəyə endi. Ancaq bu da heç bir işə yaramadı və sıxlıq axşam saatlarına qədər davam etdi.
Dayancaqlarda quraşdırılan Nəqliyyat Nazirliyinin intellektual idarəetmə aparatı şəhərdə 55 dərəcə şaxta olduğunu göstərir. Ziya Məmmədovun aparatları Bakıda 55-i göstərəndə, Moskvada 8 dərəcə şaxta vardı.

***

Bəli, bu da qar. Yağdı və paytaxtı iflic etdi. Hər dəfə qış gəlməzdən öncə hökumət nümayəndələrinin ağızdolusu “Bakı qışa hazırdı” deyimlərinin bu il də yalan olduğu üzə çıxdı.
Görək, gələn il necə olacaq? O vaxta Allah Kərimdi…

Ramin DEKO