Azərbaycan Fransanı Minsk Qrupundan çıxara bilərmi?

Vəfa Quluzadə: «Azərbaycanın boykot etmək imkanları var»

Azərbaycan hökuməti Fransanın həmsədrlik məsələsində mövqeyindən geri çəkildi

Fransa Senatında qondarma “erməni soyqırımı”na görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbulu bu ölkənin ATƏT-in Minsk Qrupunda obyektiv təmsilçilik məsələsini də gündəmə gətirdi. Hətta Fransanın özündən də bu qərarın ölkənin Minsk Qrupundakı fəaliyyətinə zərbə vuracağını iddia edən açıqlamalar gəldi. Məsələn, Senatda məlum qanun layihəsinin müzakirələri gedəndə senator Natali Qule bildirmişdi ki, qanunun qəbulu Minsk Qrupunun həmsədri kimi Fransaya olan etimadı sıfıra endirəcək. Bütün bunlardan sonra Azərbaycan Fransanın həmsədrlikdən uzaqlaşdırılması təşəbbüsü ilə çıxış edə bilərmi?
Politoloq Vəfa Quluzadə əvvəlcə Fransanın Minsk Qrupunun həmsədrliyinə necə gəldiyinə aydınlıq gətirdi: “Fransa həmsədirliyə Azərbaycanı aldadaraq daxil oldu. Yeni il ərəfəsində Rusiya Azərbaycandan xəbərsiz Fransanı həmsədrliyə keçirdi. Bunu ATƏT-in o vaxtkı sədri Flavio Kosta ilə bərabər etdi. Kostanın burada açıq marağı var idi. Çünki o Isveçrənin prezidenti olmaq istəyirdi. Bu da Fransanın köməyi olmadan mümkün deyildi. Biz bundan xəbər tutanda ATƏT-ə, Fransaya, Rusiyaya etiraz göndərdik. Eyni zamanda ABŞ-a teleqram göndərdik. Amerika boynuna aldı ki, onları də aldadıblar. Bu, Heydər Əliyevin Fransaya rəsmi səfəri ərəfəsində baş vermişdi. Əliyev səfər zamanı Jak Şirakın üzünə dedi ki, biz Fransanı həmsədr kimi Minsk Qrupunda görmək istəmirik. Ona görə ki, sizin parlament və sizin hökumət ermənilərlə doludur, sizdə güclü erməni lobbisi var. Jak Şirak and içdi ki, biz çox obyektiv olacağıq, Azərbaycana kömək edəcəyik. Heydər Əliyev 5 dəfə ona ”yox” dedi. Sonra mən Parisdən Avstriyaya uçdum. Avstriyada ATƏT-in fəaliyyətdə olan həmsədri ilə görüşərək Azərbaycanın etirazını onun üzünə dedim və məktubu verdim. Yəni demək istədiyim odur ki, biz Fransanı oradan çıxarmaq üçün əlimizdən gələni etdik. Dedilər kompromisə gedin, Amerikanı istəyirdiniz, qoy, o da həmsədr olsun. Həmsədrlik üç dövlətdən ibarət olsun. Fransanı oradan çıxara bilmədiyimizi görəndə məcbur olub bu varianta razılıq verdik. Həmsədrlər bizim razılığımızla təyin olunmalıdır. Amma ATƏT müstəqil qurumdur. Görürsünüz, bu fırıldağı işlətdilər. Mən bunu deməkdən çəkinmirəm. Çünki Fransanı ora qanunsuz qəbul etdilər. Mən dəfələrlə mətbuatda Fransanı ATƏT-in Minsk Qrupunda “bic doğulmuş uşaq” adlandırmışam. O vaxtdan bugünə qədər Fransa Qarabağ həqiqətlərinin tanınmasında, erməni işğalını, təcavüzünü tanımaqda heç bir fəaliyyət göstərmədi. Minsk Qrupunda olan fransalı həmsədr gəzməklə məşğuldur. Yüksək qonarar alır, ortada da heç bir şey yoxdur”.
Azərbaycanın Fransanın həmsədrlikdən uzaqlaşdırılması təşəbbüsü ilə çıxış etməsinə gəlincə, V.Quluzadə hesab edir ki, ölkəmizin Fransanı boykot etmək imkanı var: “Fransada Türkiyənin əleyhinə insan məntiqinə, demokratiyaya zidd həyasız bir qanun qəbul olundu. Türkiyənin əleyhinə bu cür haqsızlıq olunub. Azərbaycan da hər yerdə özünü Türkiyənin tərəfdaşı hesab edir. Hər dəfə danışanda deyir ki, biz bir-birimizin yanında olmalıyıq. Amma nədənsə söhbət işə gələndə olmur. Azərbaycanın Fransanı Minsk Qrupundan rəsmi şəkildə çıxarmağa imkanı yoxdur. Çünki bunu ATƏT edir. Amma Fransanı boykot etmək imkanı var. Həmsədrlər Azərbaycana gələndə Fransanın həmsədrini qəbul etməsinlər. Prezident səviyyəsində, Xarici Işlər Nazirliyində, Milli Məclisdə qəbul etməsinlər və bununla öz münasibətimizi göstərək”.
Məsələnin maraqlı tərəfi odur ki, dünənə qədər Azərbaycan rəsmiləri Fransanın Minsk Qrupundakı həmsədrliyinin bundan sonra az qala mümkünsüz olduğu ilə bağlı açıqlamalar verirdilər. “Yeni Azərbaycan” qəzetinin son sayında dərc olunan “Türk diplomatiyası, Azərbaycan və erməni iddiaları” adlı məqalədən isə belə görünür ki, hökumət məsələ ilə bağlı mövqeyini dəyişib. Qəzet yazır ki, bu məsələdə tək Azərbaycanın istəyi yetərli deyil: “Buna Fransanı dəstəkləyən bəzi Avropa dövlətlərinin və erməni lobbisinin güclü təsirə malik olduğu böyük dövlətlərin etiraz edəcəyi indidən aydındır. Bu məsələni qaldırmaqla, özümüzü təcrid olunmuş duruma da sala bilərik. Buna görə də, Fransaya münasibətdə sonluğu bəlli olan addımların atılması daha rasional bir mühakimədir”.

Gültəkin