Altmışlar və yatmışlar

Fransa uzun illərdir Türklərə qarşı “erməni kartı” oynayır. Sadəcə, fərqli oyunçular hər dəfə bu gedişlə öz maraqlarının müəyyən hüdudlarına qədər gedib, bir nöqtədə dayanırdılar. Bu dəfə oyunçu daha çox irəli getdi. Ya uduzmaq qorxusunun vahiməsindən, ya genetik nifrətin zəhərliliyindən dözə bilməyib o kartı masaya çırpdı adam. Dörd il əvvəl prezident seçildiyi ölkənin ən sevimlisi olaraq tanınan bu adamı indi Fransa əhalisinin səksən faizi görmək belə istəmir. Bunu seçkiqabağı aparılan sorğular deyir. Sorğular yalnız bunu demir. Onun yaxşı xatırlanacaq bir prezident olmaq istəyini dəyərləndirən qəzetlər ən kəskin ifadələr işlədir. “New Yorker” jurnalı bu ay yayınladığı sayında həmin oyunçu Sarkozini kloun adalandırır. Seçildiyi gündən bu yana onun verdiyi heç bir sözü yerinə yetirmədiyini vurğulayan jurnal yazır: “Nə şərabı, nə də pendiri sevir. Onun yerinə diet kola və Havana siqarı düşkünü. Ayrıca pulu da çox sevir…”.

Bütün bunlar öz yerində. Yaxın tarix içində Xocalı soyqırımı kimi bir qətliam törətmiş ölkəyə tərəf çıxmaq, üstəlik, ona qarşı soyqırım aparıldığını bəyan etmək sağlam məntiqin məhsulu ola bilməz. Bunu birinə yalnız içindəki sonsuz kin təhrik etdirə bilər. Tarixin qapısını açmaq əvəzinə düşmənçiliyə yol açan birinin düşüncəsi ola bilər ancaq bu. Şübhəsiz, Fransada erməni diasporu güclüdür. Bəlkə ona görə də zaman-zaman bu ölkədə hökumət başına keçənlər Türkiyənin irəli getməsinə əngəl olub dururlar. Bunu hardasa anlamaq olar… Amma Azərbaycanda baş verənləri necə anlayacaqsınız? Bu durumda bizim hökumətlə Fransa hökumətinin fərqini hansı səviyyə arasında ölçmək olar ki? Fransanın bu qərarı hər şeydən öncə Azərbaycan üçün təhqirdir. Bu rəzalət 23 illik Qarabağ davasında günahsız şəhidlərin qanına haqq qazandırmaq, təcavüzkar erməninin yanında yer almaqdır. Amma heç bu olmasa belə, Türkiyə bizim üçün o qədərmi ucuz ölkədir? Nədən ortalıqda real bir addım yoxdur, ağalar? Bu məqamdadamı Fransanın yanından azacıq kənara çəkilməyə qorxdunuz? Uğursuz işi ilə öz ölkəsində belə etimadını itirən, mətbuatın kloun adlandırdığı bir adamın dostu olmaq bu qədər şərəfli bir şeydirmi? Bu susqunluq ölkəyə utanc və başıaşağılıqdan başqa nə gətirir ki?
Bəli, olan olub. Indi bu qərarı ləğv etmək üçün Fransa Konstitusiya Konseyinə müraciət edən 60 parlamentar lazımdır. Türkiyə bizdən səs gözləyir. Bizim hökumət isə illərdir qardaş ölkəni xəyal qırıqlığına uğradır. Bu qırıqlıq Türkiyə ilə bağlı həyati məsələlərdə neçə dəfədir yaşanır…
Türkiyə üçün 60 səs lazımdır. Azərbaycan hökumətinin fransız dostları çox olmalı, bu məsələdə işə bir faydası dəyərmi görəsən?..
Bu “erməni soyqırımı” qanununun qəbulu Qarabağ məsələsini də sual altına qoymaq deməkdir əslində. Amma biz yatmışıq. Rəhmətlik Üzeyir Hacıbəyov dediyi kimi, başqa millətlər fil düzəldəndə biz yatmışdıq. Biz gözümüzü açdığımızda, yalnız fildən xeyli kiçik işlər görməyə güc tapdıq özümüzdə. Amma onları belə başa gətirə bilmədik, buraxdıq. Axırda gücümüz bir siçan düzəltməyə çatdı, onu da içimizdən bir acgöz pişik çıxıb yedi…
Bizli, bizsiz Türkiyənin səsini duyuran insanlar tapılacaq. Türkiyə öz haqlı mücadiləsini sona kimi aparacaq. Amma heç olmasa Azərbaycan hökuməti öz milli maraqlarımız olan tərəfdə yer alsın…