Sarkoziyə nə lazımdır?

Yox, mənim nə Ə.Saleh cənabı təqdir etmək, nə də artıq bir azca köhnəlmiş mövzuya qayıtmaq fikrim var. Sadəcə, kiçik detalı qeyd etmək istəyirəm.
Yəmənlilər otuz üç ildən sonra olsa da, diktatoru üzr istəməyə vadar etdilər. Amma bəzi yerlərdə təxminən elə bu qədər hakimiyyətdə olmuş əski sovet diktatorlarını təzədən hakimiyyətə gətirdilər, istiqlaliyyəti və demokratiyanı onların ümidinə buraxıb xırdaca alverlərinin ardınca “tolkuçka”lara və küçə tinlərinə yollandılar. Haradan idi bu etimad? Bilmirəm. Biz çox şeyi bilmirik.
Mən indi bəlkə də başqa mövzudan yazmalı idim. Ən azı Fransa mövzusunu bir az araşdırmaq olardı… Amma bu xüsusda deyilməmiş söz qalıbmı? Bəli, Insan və Vətəndaş Haqları Bəyannaməsi də fransızların siyasi təfəkkürünün məhsuludur. Həmin sənəddə deyilir ki, fikrin, mövqeyin azad ifadəsi insanın ən qiymətli hüquqlarından biridir! Budurmu ideallara sədaqət? Fransız konstitusiyasına baxmamışam. Amma deyilənə görə, qəbul edilən o biabırçı qanun əsas sənədin 34-cü maddəsinə də ziddir. Bunu dəqiqləşdirərək maddənin nömrəsini də düzgün tapa bilərdim. Amma bir məsələ aydındır və bu ondan ibarətdir ki, demək olar, bütün ölkələrin konstitusiyası insanlara o azadlığı, yəni söz və ifadə azadlığını verir. Elə onların konstitusiya komitəsi də etiraf etdi ki, qanun əsas sənədə ziddir. Indi nə edək?
Əvvəlcə, özümüzü heyrətə gətirən bu ölkə haqda bir-iki insani ştrix vermək istərdim. 2000-ci il idi. Müxalifət parlament seçkisində triumfial qələbə qazanmışdı, amma o bu qələbəsini təsdiqləyə bilməmişdi. Bir neçə günlüyə əyalətə çəkilib özümlə baş-başa qalmaq istədim. Rayonda əlimə üz qabığı cırılmış böyük bir kitab keçdi. Baxdım ki, V.Hüqonun “Səfilləri”dir. Onu əvvəllər də bir neçə dəfə oxumuşdum. Başladım təzədən oxumağa! Ilahi, bu əsər məni bir daha valeh etdi! Bəli, onu fransız yazmışdı. Indi mən Fransanı necə söyüm?
Volter, Didro, Marat, Danton və Napoleon… Bura daha bir neçə fransız adları əlavə edə bilərdim, ən azı ona görə ki, riyazi analiz fransız elmidir. Indi yadımda deyil. Bir nəfər yazmışdı ki, Paris riyazi analiz dərsliyini xatırladır…
Nə isə… Bu mənim Fransa və fransızlar haqda deyə biləcəyim ən xoş sözlər idi. Bəs bu gündən nə yazım? Fikir verdim, bizim dövlət rəsmilərimiz də çox kəskin danışdılar. Amma onlar əsas bir sözü demədilər: Fransanı Minsk Qrupunun həmsədrliyindən rədd etmək lazımdır! Fransa əvvəllər də neytral deyildi, indisə neytrallığını tamam itirdi! Bəli, bunu demək lazım idi, amma o gün bunu eşitmədim. Bəlkə bundan sonra deyəcəklər? Bilmirəm, bəlkə dedilər və etdilər. Amma bu yazı yazılarkən hələ bu, deyilməmişdi… Burada bir detalı da qeyd etmək istəyirəm.
1.Deyirlər ki, Sarkoziyə ermənilərin səsi lazımdır. Amma mən güman edirəm ki, ermənilərin xüsusi çəkisi fransız elektoratı arasında olduqca azdır. Onda Sarkoziyə nə lazımdır?
2. Mənə elə gəlir ki, N.Sarkozinin ermənilərin səsindən çox maddi dəstəyinə ehtiyacı var. M.Qəzzafi Sarkoziyə seçki vaxtı maddi yardım etdiyini dedi.
O vaxt fransızlar bu məsələni araşdırmalı idilər. Onda onlara əsl demokratik millət demək olardı. Amma bunu etmədilər. Etsəydilər bəlkə də ən böyük siyasi qalmaqallardan biri üzə çıxardı.
Kiçik sözardı
Yazını Ə.Salehin istefasından bir-iki cümlə ilə başladım. Axtarsan Afrikada olan müstəbid rejimlərin bir çoxu fransız mənşəlidir. Bir dəfə yazmışam və indi də təkrar edirəm. Şərqi, Avropada iki ölkə yaxşı tanıyır: Fransa və bir də Ingiltərə! Indi mən düşünürəm ki, bizimkilər nə edəcək? Hər halda, vaxt var, bir az gözləyək. Əslində onların ciddi niyyəti olsaydı bunu əvvəldən də izhar edərdilər. Bəlkə bunun bir təsiri də olardı! Amma etmədilər. Bir ehtimalım da var və bunu yazmaya bilmərəm. Gərəkdir, yüz ölçüb, bir biçək! Təminat varmı ki, belə bir axmaq qanun qəbul etmiş Fransa Minsk Qrupunun həmsədrliyindən qovulan kimi, götürüb Dağlıq Qarabağı müstəqil dövlət tək tanımayacaq?! Təəssüf! Ona görə gərək dərindən fikirləşək. Hər halda, azca  fikirləşmək pis olmaz…