İranı çörəklə sınağa çəkirlər

Xarici şirkətlər Tehrana taxil ixracını dayandırır; molla rejimi isə Avropanı soyuq hava ilə şantaj etdi

Qərb-Iran qarşıdurması davam edir. Tehran rejiminin nüvə proqramının dayandırılmasına yönəlik, başda ABŞ olmaqla, Qərb ölkələrinin basqıları daha da sərtləşib. Siyasi-iqtisadi sanksiyalarla üzləşən Iran bu dəfə çörəklə sınağa çəkilir. “Reuters” agentliyinin xəbərinə görə, Avropa Birliyinin ən böyük bankları taxıl məhsullarının Irana çatdırılması üçün maliyyələşdirmə əməliyyatlarını dayandırdığını açıqlayıblar.
Əlavə edək ki, Iran hər il xaricdən 4.5 milyon ton taxıl alır. Onun 3.5 milyon tonu qarğıdalı yemidir. Bu məhsulların Irana əsas satıcıları Argentina, Brazilya və Ukraynadır.
Hazırda ümumi yükü 420 min ton taxıl olan doqquz böyük gəmi Iran limanlarının ətrafında dayanıb. Ödənişlərlə problemlər olduğu üçün gəmilərin yükü boşaldıla bilmir. Ərzaq ixracı ilə məşğul olan Ukrayna şirkətləri məhsulların Irana çatdırılmasını dayandırdıqlarını bəyan edib.
Avropa Birliyinin Irandan neft idxalını qadağan edən sanksiyaları qəbul etməsindən sonra Tehranın Hörmüz boğazını bağlayacağına dair hədələrinə BMT-nin baş katibi Pan Gi Mun münasibət bildirib. Baş katib Tehran rejimindən Hörmüz boğazını bağlamamağı tələb edib. Pan Gi Mun Iranın mübahisəli nüvə proqramı ətrafında yaranmış gərginliyin azaldılması və problemin sülh yolu ilə həllinin vacib olduğunu söyləyib. Hörmüz boğazının strateji əhəmiyyəti olduğunu bildirən BMT baş katibi Qərbin Iranın nüvə proqramını dayandırmaq bəhanəsi ilə gizli bir döyüş başlatdığını vurğulayıb.
ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikkardione jurnalistlərə açıqlamasında ölkəsinin Iranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini bir daha bəyan edib. Diplomat Tehrana qarşı bütün planların, o cümlədən hərbi müdaxilə variantının da gündəmdə saxlanıldığını bildirib.
ABŞ-da isə Iran alimi Seyid Mocatab Atarodini həbs olunub. Məlumata görə, dosent Seyid Mocatab Atarodini Tehran Texnologiya Universitetinin mikrocip üzrə ekspertidir. ABŞ iranlı alimi ölkənin ixrac qanunvericiliyini pozaraq yüksək texnoloji laboratoriya avadanlıqları almaqda günahlandırır. Iran alimin həbs olunduğunu təsdiqləyib.
Irana qarşı hərbi müdaxilə variantını gündəmə gətirən və bir an öncə Tehran rejiminin nüvə təsislərinə hava zərbələri endirilməsi təklifini irəli sürən Israil silahlı qüvvələrinin keçmiş qərargah rəisi Qabi Aşkenazi maraqlı açıqlama verib. Onun sözlərinə görə, Israil Tehranla bağlı gözlənilməz qərarların qəbuluna və Iranın nüvə obyektlərinə zərbələr endirilməsinə hazır olmalıdır.
Bütün bunlarla yanaşı Iran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Hüseyn Ibrahimi Avropaya neft ixracının dayandırılmasını parlamentdə müzakirəyə çıxaracaqlarını bildirib. Deputatın sözlərinə görə, Avropa Birliyinə neft ixracını dərhal dayandırmaq üçün hazırlanmış layihə yaxın bir neçə gündə parlamentdə müzakirəyə çıxarılacaq. Ibrahimi Iranın Avropaya neft ixracını bir həftə ərzində dayandırmaq niyyətində olduğunu söyləyib: “Avropada qış mövsümü olduğunu, havaların kəskin soyuq keçməsini nəzərə alaraq bizim qəbul etdiyimiz bu qərar Avropa ölkələrinə böyük zərbə vuracaq”.

Informasiya şöbəsi