İran “Şahdəniz”dən kənarda qala bilər?

İlham Şaban: «Xəzərdəki layihələri Iranın nüvə proqramı ilə bağlamaq tamamilə yersizdir»

ABŞ-ın Irana iqtisadi sanksiyaları artmaqdadır. Artıq Konqresin xarici əlaqələr komitəsinə bu ölkə ilə istənilən enerji əməkdaşlığını qadağan edən qanun layihəsi təqdim olunub. Öz növbəsində Obama Administrasiyası Avropadakı müttəfiqləri ilə birlikdə Irana qarşı sərtləşdirilmiş sanksiyaları Azərbaycanın “Şahdəniz” yatağına tətbiq edib-etməmək imkanlarını müzakirə edir.
Qeyd edək ki, Qərbin dəstəklədiyi 20 milyard dollarlıq bu layihədə Iranın “Naftiran Intertrade Co” dövlət şirkətinin də 10 faizlik payı var. Lakin təklif edilən bu qanunun “Şahdəniz” layihəsinə aid edilməsi ehtimalı Qərb şirkətlərində də birmənalı qarşılanmayıb. ABŞ administrasiyası və onun Avropadakı müttəfiqləri yeni sənədin və digər sanksiyaların “Şahdəniz”in işini saxlamayacağına əmin olmaq üçün Konqreslə sıx işləyirlər. BP şirkəti isə ABŞ və Avropa Birliyinin Irana qarşı sanksiyalarının “Şahdəniz” layihəsinə toxunmayacağına əmindir.
Bəs ümumiyyətlə, Iranın “Şahdəniz” layihəsindən kənarda qalması mümkündürmü və bu hansı formada həyata keçirilə bilər?
Iqtisadçı-ekspert Ilham Şaban irəli sürülən bu təşəbbüsün sırf lobbiçilik fəaliyyəti ilə bağlı olduğunu deyir. Lakin BP şirkəti, Böyük Britaniya, digər Avropa ölkələrinin təmsilçiləri bunun Qərbin maraqlarına uyğun olmadığını sübut edirlər. Çünki “Şahdəniz-2” layihəsinin həyata keçməsi Avropanın enerji təhlükəsizliyinə xidmət edir. Iran şirkətinin orda iştirakına görə bunun qarşısını almaq olmaz.
Ekspertin sözlərinə görə, belə bir qanunun qəbulu Avropa ilə yanaşı Azərbaycan xalqının da maraqlarına ziddir. Çünki regionda stabilliyin qorunması üçün orda marağı olan bütün ölkələrin o layihələrdə iştirakı lazımdır: “”Şahdəniz” layihəsində Iran şirkəti, “Azəri-Çıraq-Günəşli”də “Lukoyl” şirkəti pay aldı. Çünki bu ölkələrin maraqlarını təmin etməklə o layihənin gerçəkləşdirilməsini müəyyən qədər sürətləndirmək istəyirdilər. Üçüncü kontraktda sırf Avropa şirkətləri təmsil olunmuşdu. Çünki Xəzərdəki layihələr əməkdaşlığa yönəlib, konfrantasiyaya yönəlməyib. Bunu bilmədən Xəzərdəki layihələri Iranın nüvə proqramı ilə bağlamaq tamamilə yersizdir”.

Fizzə