“Davosda keçirilən Ümumdünya Iqtisadi Forumu çərçivəsində prezident Ilham Əliyevlə görüşən Şimon Peres Israil vətəndaşlarının həyatını xilas etdiyinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Buna cavab olaraq Azərbaycan prezidenti qeyd edib ki, Azərbaycan özünü, etnik və dini mənsubiyyətindən asılı olmayaraq vətəndaşlarını müdafiə etmək gücündə olduğunu sübut edib”.
Əslində, mən yazıma belə başlamalıydım:
Bir neçə il qabaq yazıçı-publisist Rafiq Tağı “Sənət” qəzetində dərc olunan “Avropa və biz” yazısına görə hiddətlənmiş dinçilərin qəzəbinə tuş gəldi, yerli və Irana aid fanatiklər ona ölüm fitvası çıxardı; YAP hakimiyyəti isə onu “təhlükəsizliyini qorumaq” adıyla həbs etdi, sonra “əfv” elədi, yəni yenidən təhlükənin içinə atdı, bir ara sakitlik oldu; Rafiq də yenə Irandan yazdı, bu dəfə nə Irandan, nə yerli fanatiklərdən təpki gəldi, əvəzində kimlərsə arxasınca killer saldı, arxadan, namərdcəsinə bıçaqladı, qaçdı; Rafiq, bir saat insan həyatına tüpürəndən sonra (!) gələn, özünün də personalından biri olduğu “təcili tibbi yardım” maşınıyla Mərkəzi Klinik Xəstəxanaya götürüldü, 10 saatlıq əməliyyata alındı, əməliyyatdan sağ-salamat çıxdı, gözləri açıldı, üzü güldü, danışdı, səhv buraxdı; məqsədli şəkildə açıq bazara çevrilmiş palatasına dostları-tanışları axışdı, cığır açdılar, palataya gələsi Ölümün yolları açıldı və Rafiq Tağı sonuncu dəfə öldürüldü; Iran səfirliyi bu terroru Israil və ABŞ-ın törətdiyini bildirən və öldürülənlə bağlı heç bir fikir söyləməyən açıqlama yaydı, gerizəkalı bir Iran ayətullahı Azərbaycan xalqını bu qətllə bağlı təbrik etdi, qatillərə, yəni Iran səfirliyinin dili ilə desək, yəhudilərə Allahın mükafatını vəd edib minnətdarlıq bildirdi; ictimaiyyət qaynadı, coşdu (publisistika meydanında təbii ki), Iran suçlu çıxarıldı, ateistlərlə dindarlar bir-birinə dəydi, dəydirildi, cəbhələşmə ifrat şəkil aldı; istintaqdan səs çıxmadı, izləmə kameralarının çalışmadığı rəsmi dairələr tərəfindən söylənildi, müstəqil təhqiqat qrupu bu xəbərin yalan olduğunu üzə çıxardı, kameralarda qatilin qeydə alındığını belə, aktlaşdırdı; qatildənsə xəbər çıxmadı; bu yaxınlarda MTN “xarici vətəndaşlara qarşı törədilməsi planlaşdırılan terror aktının qarşısının alınması barədə” məlumat yaydı, bir neçə şəxsi Iranla əlaqədə terror hazırlamaqda “şübhəli bilərək” həbsə aldı, rəsmi versiyalara görə, bir neçə yəhudi müəllimin qətlini “önlədilər”; sonunda Ilham Əliyev Davosda Israil prezidenti Şimon Pereslə görüşdü, Peres təşəkkür elədi və Azərbaycan prezidenti Israillə bütün sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirəcəyini bildirdi.
…Rahat yat, əziz Rafiq – “Ərəb baharı” bu tərəflərə gəlib çatmadı, sən istəyən oldu, ən azı hələ ki belədi, ama Israilin təşəkkürü artıq ölkəmizdədi. Sakit, rəvan, plazmalı.
Hətta Azərbaycan prezidenti deyib: “Azərbaycan özünü, etnik və dini mənsubiyyətindən asılı olmayaraq vətəndaşlarını müdafiə etmək gücündə olduğunu sübut edib”. Sübut sənmisən? Yoxsa sən Azərbaycan vətəndaşı deyilmiydin? Bəlkə səni dinsiz sayırmış bu allahsızlar? – ona görəmi qorumadılar? Yoxsa sən yəhudi müəllim və ya xarici vətəndaş olmalıydın?
Təəssüf ki, nə dinsiz, nə yəhudiydin. Bilirsənmi, sənin suçun nəydi? Suçun – vətəndaşlarının, ziyalılarının təhlükəsizliyini qorumaq üçün həbsxanalara salmaqdan başqa bir yol tanımayan rejimin ağalıq elədiyi Azərbaycan dövlətinin vətəndaşı olmağın, susmamağındı; azad fikrin, özgür düşüncənin boğulduğu bir ölkədə sözünlə qan-qan deməyin və sonunda “Baharı” sevməyənlərlə ortaq məxrəcə gəldiyini yanlış olaraq sezdirməyin idi…
Görəsən Peres səni tanıyırdımı?..

Rafiq Tağının suçu
•
•