Hakim ailə «fövqəlnazir»i 2013-cü il üçün böyük təhlükə sayır
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olan media quruluşlarını itirmək təhlükəsilə üzləşməsi barədə məlumat vermişdik. Bildirmişdik ki, artıq “fövqəlnazir”ə məxsus iri media quruluşlarında vergi yoxlamaları başlayıb. Məqsəd bundan Kəmaləddin Heydərova təzyiq kimi istifadə edib onu geri oturtmaqdır. Məlumatlarda bütün bunların arxasında hakimiyyətdəki Paşayevlər qrupunun dayandığı bildirilirdi. Onların Kəmaləddin Heydərovu hədəf seçməsi 2013-cü il prezident seçkisi ilə izah edilir.
Dünən əldə etdiyimiz məlumatlara görə, Paşayevlərin Kəmaləddin Heydərovu zərərsizləşdirmək planı Ilham Əliyevin “Əl-Cəzirə”yə müsahibəsində 2013-cü il prezident seçkisi ilə bağlı qeyri-müəyyən açıqlamasından sonra gündəmə gəlib. Bu müsahibədən sonra Naxçıvan klanının hərəkətə keçməsi, xüsusilə Kəmaləddin Heydərovun fəallıq göstərməsi Paşayevlərin “fövqəlnazir”i çökdürmək planına start verməsini şərtləndirib. Məlumatlarda deyilir ki, Kəmaləddin Heydərovun əlində iri media quruluşlarının, siyasi və ictimai təşkilatların olması, həmçinin xarici ölkə səfirliklərinin tez-tez onu ziyarət etməsi Paşayevlərdə belə bir qənaət yaradıb ki, “fövqəlnazir” 2013-cü ildə onlar üçün ciddi problemə çevrilə bilər. Bu baxımdan əvvəlcə Kəmaləddin Heydərovun başlıca silahı – medianı onun əlindən almağa başlayıblar. Bundan sonra isə “fövqəlnazir”in nəzarətində olan siyasi və ictimai təşkilatların onun nəzarətindən çıxarılması prosesinə başlanılacaq.
Azad