Onuncu… sonuncu görüş…

Və Bakıda məcburi köçkünlər üçün tikiləcək 1400 ev

Ilham Əliyev qaçqınlarla növbəti görüşündə yenə bir qarış da torpağın düşmənə güzəştə gedilməyəcəyini, üstəlik, sülh yolulya alınmasa, işğalçıları müharibə yoluyla torpaqlarımızdan çıxaracağını demişdi. Bu, ötən ilin sonlarında olmuşdu. Daha doğrusu, I.Əliyev ad günündə – dekabrın 24-də qaçqınlarla görüşüb bir daha YAP iqtidarının “qətiyyətli” mövqeyini öz vətənində 20 ildir min bir əzabla didərgin həyatı yaşayanlara çatdırmışdı. Bu üzücü, cansıxıcı görüşdən sonra o, 12 günlük istirahətə yollanmışdı…
Yanvarın 21-də Goranboyda döyüş bölgəsində əsgərlərdə müharibə ovqatı yaratdıqdan iki gün sonra – yanvarın 23-də isə Rusiyaya, Medvedevin təşəbbüsü ilə Ermənistan prezidenti Serj Sərkisyanla Soçidə gerçəkləşən görüşə qatılmışdı. Amma bu görüşdə o, müharibə bəyanatı verməmişdi, münaqişənin sülh yoluyla həlli imkanlarının tükənmədiyini demişdi. Serjlə Dmitri qaçqın, yaxud gülü burnunda əsgər deyil ki, onların başını yalançı müharibə bəyanatı ilə qatasan. Azərbaycanın dövlət başçısı reallıqları hər kəsdən yaxşı bilir və dərk edir. O, başında durduğu komandayla bir qarış da torpaq azad etmək iqtidarında olmadığını dəqiq bilir. Soçiyə “Qarabağ danışığı”na da Medvedevin sözünü yerə salmamaq üçün getmişdi… Martda keçiriləcək prezident seçkisinə nə qalıb ki?!.
Davosa, növbəti xizəksürmə yarışına getməzdən qabaqsa I.Əliyevin qaçqınlarla bağlı yeni tapşırıqlar verdiyi ortaya çıxıb. Şübhə yoxdur ki, bu qərara Soçi görüşü “stimul” verib. O görüşdə müzakirə olunan məsələlər, atılacaq addımlar, Qarabağla bağlı veriləcək qərarlar hamıdan artıq ona bəllidir. Bu görüşdən sonra ortaya çıxan Nazirlər Kabinetinin yeni sərəncamı bəzi nəticələr çıxarmağa yetərincə əsaslar verir. Bakıdakı tikinti bumunun tam gücüylə Dağlıq Qarabağda da aparılması, Xankəndinə Kəlbəcər ərazisindən keçməklə Ermənistandan yol çəkilməsi və rəsmilərin buna hələ də reaksiya verməməsi “əsası ümummilli lider tərəfindən qoyulan siyasətin uğurla davam etdirilməsinin” göstəricisidir. Üstəlik, qaçqınların yerləşdirilməsi ilə bağlı verilən yeni sərəncam. Tanış olun:  
“Azərbaycanda məcburi köçkünlər üçün daha 3308 mənzil və ev tikiləcək. Belə ki, məcburi köçkünlər üçün Imişli rayonunda 550, Şəki rayonunda 423, Bərdə rayonunda 195, Ismayıllı rayonunda 45, Beyləqan rayonunda 320 ailəlik bütün sosial və texniki infrastruktur obyektləri ilə birlikdə yaşayış qəsəbələri salınacaq. Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1410, Abşeron rayonunun Masazır qəsəbəsində 210 ailəlik yeni yaşayış məhəllələrinin salınması, Qəbələ rayonu ərazisində 155 ailə üçün 2 ədəd beşmərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulur. Bu işlərə təxirə salınmadan qısa zamanda başlanmasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə verilsin” – Nazirlər Kabinetinin sərəncamında belə deyilir.
Torpaq azad etmək istəyən hakimiyyət bütün imkanlarını bu işə yönəltməlidir. Göründüyü kimi, YAP iqtidarının belə niyyəti yoxdur. Bu sərəncam da korrupsiya maşınının tam gücüylə işlədiyini bir daha göstərir. Sərəncam qaçqınların adına dövlət büdcəsindən növbəti dəfə milyonlarla vəsaitin yeyilməsini nəzərdə tutur. Həm də tendersiz-filansız… Bazar olmasın!..