Nazirin qardaşı oğlu DYP-yə rəis müavini gətirilir

Salyan Rayon Polis Şöbəsinin rəisi Fuad Məmmədli Baş Dövlət Yol Polisi Idarəsinin rəisi Ramiz Zeynalovun müavini təyin olunması gözlənilir. Bu barədə “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, Salyan polisində bu məsələ hazırda ən çox müzakirə olunan mövzudur.
Mənbə bildirir ki, Fuad Məmmədli ötən il dekabrın 25-də məzuniyyətə gedib. Amma onun məzuniyyətdən geri qayıtmayacağı, birbaşa yeni vəzifəsinin icrasına başlayacağı gözlənilir.
Qeyd edək ki, Fuad Məmmədli nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur. Onun yeni təyinatında əmisinin xüsusi rolu olduğu bildirilir.
Maraqlısı budur ki, Fuad Məmmədlinin hazırkı “kreslosunu” tutmaq üstündə artıq qızğın savaş başlayıb. Bu mübarizənin iştirakçıları sırasında Oğuzun keçmiş polis rəisi Imaməddin Abbasovun, Masallının polis rəisi Əkbər Yusifovun və Şirvan şəhərinin polis rəisi Azər Muradovun adı hallanır. Məlumata görə, Imaməddin Abbasovun icra başçısı Tahir Kərimovla çox yaxın münasibətləri var. Əkbər Yusifov “fövqəlnazir”in adamı, Azər Muradov isə Paşayevlərə yaxın fiqur hesab olunur.

Informasiya şöbəsi