Leyla Yunus: «Bu, Azərbaycanın problemlərinin dünyaya real şəkildə çatdırılması üçün çox vacibdir»
Bugünlərdə AŞPA-da iki mühüm postda dəyişiklik oldu. Estoniyalı deputat Andres Herkel qurumun Monitorinq Komitəsinə sədr seçildi, AŞPA sədri Mövlud Çavuşoğlunu isə bu postda fransalı Jan Klod Minyon əvəzlədi. Herkelin komitəyə rəhbərliyi və AŞPA-ya fransalı deputatın sədrlik etməsinin Azərbaycan üçün nə demək olduğunu öyrənməkçün hüquq müdafiəçisi Leyla Yunusa müraciət etdik.
Hüquq müdafiəçisi fransalı deputatı yaxından tanımadığı üçün onun təyinatının Azərbaycana necə təsir edəcəyini qiymətləndirə bilməyəcəyini dedi. Herkelə gəlincə, L.Yunus hesab edir ki, onun Monitorinq Komitəsinə sədrlik etməsi Azərbaycan üçün olduqca faydalıdır: “Herkel Azərbaycan haqqında kifayət qədər məlumatlı bir şəxsdir. Bəxtimiz gətirdi ki, Monitorinq Komitəsinə məhz onu seçdilər. Təəssüf ki, Herkeldən sonra AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri postunu tutanlar zəif işlədilər. Bu səbəbdən çox yaxşıdır ki, komitəyə məhz Herkel rəhbərlik edəcək. Bu, Azərbaycanın problemlərinin dünya ictimaiyyətinə real şəkildə çatdırılması üçün çox vacibdir”.
L.Yunusun fikrincə, Herkelin komitəyə rəhbərlik etməsi Azərbaycanda bir sıra problemlərin, o cümlədən siyasi məhbus probleminin də həllinə müsbət təsir göstərəcək: “Monitorinq Komitəsi ölkələrin üzərlərinə götürdükləri öhdəlikləri necə yerinə yetirdiyinə nəzarət edir. Herkel də hadisələrə həmişə düzgün və obyektiv qiymət verib. O baxımdan hesab edirəm ki, Azərbaycanla bağlı hesabatlar müzakirə olunanda və qətnamələr qəbul olunanda bu obyektivliyin faydasını görəcəyik”.
Gültəkin