Sülhəddin Əkbər: «Israilin Azərbaycandakı kəşfiyyat bürosu Iranın ölkəmizdəki fəaliyyəti ilə bağlı kifayət qədər məlumatlara malikdir»
“Iran ətrafında vəziyyətin gərginləşməsi təbii olaraq Bakı və Tehran arasında münasibətlərə də təsir göstərib. Lakin bununla belə Iranla bağlı yayılan hər hansı məlumata həssas yanaşmaq lazımdır”. Bu sözləri politoloq Sülhəddin Əkbər son vaxtlar Azərbaycan-Iran münasibətlərindəki gərginliyi “Azadlıq”a şərh edərkən bildirib.
Politoloq deyib ki, hazırda Iranla Qərb psixoloji savaş mərhələsindədir. Belə bir vəziyyətdə təbii ki, Azərbaycanın Iranın rəqibləri, xüsusilə Israillə sıx əməkdaşlıq etməsi Tehranı qıcıqlandırır: “Lakin nəzərə almaq lazımdır ki, bu psixoloji savaşda Iranın normal münasibətlərdə olduğu ölkələrlə arasını vurmaq üçün bəzi dezinformasiyalar yayılır. Ona görə də bu məsələdə bir qədər ehtiyatlı olmaq dərhal nəticə çıxarmaq doğru deyil. Məsələn, Israilin Azərbaycandakı kəşfiyyat bürosu Iranın ölkəmizdəki fəaliyyəti ilə bağlı kifayət qədər məlumatlara malikdir. Lakin Israilin marağı yoxdursa, bu məlumatlar Azərbaycana ötürülmür. Maraq varsa, bu məlumatlar bir qədər də şişirdilmiş şəkildə Bakıya təqdim edilir”.
Bu arada “Yeni Müsavat” qəzeti Israil mediasına istinadən məlumat yayıb ki, Iran agentlərinin bu ölkənin Azərbaycandakı səfiri Mixail Loven-Lotemi öldürmək planı var. Bakıdakı yəhudi səfirə qarşı Iranın sui-qəsd planlarının olduğunu Israil xüsusi xidmət orqanları da təsdiqləyir. Xəbərlərdə qeyd edilir ki, bugünlərdə MTN tərəfindən həyata keçirilən əməliyyat zamanı saxlanılan Rasim Əliyev və Əli Hüseynov adlı şəxslər Bakıdakı Israil dini məktəbi “Habad Or-Ənvər”in iki müəllimi ilə yanaşı səfiri də vurmaq tapşırığı alıb.
Digər xəbərə görə isə MTN-in Bakıda yəhudi məktəbinin müəllimlərinə qarşı sui-qəsd planının qarşısını almasının ardınca Israil gömrükdə təhlükəsizliyin gücləndirilməsində kömək göstərmək barədə Azərbaycanla sənəd imzalayıb.
Həmçinin Ilham Əliyevlə Davosda görüşən Israil prezidenti Şimon Peres Azərbaycanda Israil ictimai xadimlərinə qarşı törədilməsi planlaşdırılan terror aktının qarşısının alındığına görə prezident Ilham Əliyevə təşəkkür edib.
Bütün bunlar Azərbaycanla Israil arasında əməkdaşlığın artıq müttəfiqlik şəkli almasının bir addımlığında olduğunu göstərir. Bu da təbii ki, Azərbaycan-Iran münasibətlərində gərginliyin qarşıdurma səviyyəsinə keçməsini şərtləndirə bilər.
Azad


