Gömrük Komitəsinin sədri işçilərini danlayıb..

«Xidməti maşınlar arvadlarınızı bazara aparmaq üçün verilmir»

Yanvarın 25-də Dövlət Gömrük Komitəsində keçirilən kollegiya iclasında Komitənin sədri Aydın Əliyev bəzi işçilərini danlayıb. O bildirib ki, əvvəlki illərlə müqayisədə gömrük əməkdaşlarına xüsusi rütbələrin verilməsi ilə əlaqədar ona “yuxarı”lardan daxil olan zənglər, xahişlər azalsa da, ancaq hələ də bu cür hallar təkrarlanır.
Bu barədə qəzetimizə yerli gömrük orqanında çalışan, amma adının açıqlanmasını istəməyən mənbə xəbər verib. Iclasda A.Əliyev deyib ki, onun dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bəzi gömrük işçiləri layiq olmadığı halda, özü də vaxtından əvvəl xüsusi rütbə əldə etməyə can atır, bunun üçün kimlərisə “minnətçi” salırlar. “Əgər bir gömrük əməkdaşı mayor rütbəsindən polkovnik rütbəsinədək keçilməli olan yolun müddətinin bir neçə ay olduğunu zənn edirsə, deməli, belə adamlar ümumiyyətlə, hüquq-mühafizə orqanında çalışmağın nə demək olduğunu anlamırlar” – deyə A.Əliyev qəzəblənib.
Komitənin sədri bəzi gömrük idarələrində hətta şöbə rəislərinin xidməti maşın tələb etməsi hallarına da münasibət bildirib: “Harda görünüb ki, şöbə rəisinə xidməti maşın verilsin. Gömrük işçilərinin maaşları artırılıb, kim istəyir, taksi ilə gedib-gəlsin”. A.Əliyev onu da əlavə edib ki, xidməti maşınlar bəzi rəislərin arvadlarını bazara aparıb-gətirmək üçün verilmir, həmin maşınlar yalnız xidməti istifadə üçün nəzərdə tutulur.

Informasiya şöbəsi