Fransa maskamızı cırdı

İlham Əliyev, Ərdoğan və Əli Kərimli – ortada olan, amma «görünməyən» fərqlər…

Azərbaycanda növbəti dəfə “taygözlər üsyanı” baş qaldırdı. “Dolmanın bizim yeməyimiz olduğunu” sübut etmiş bir dəstə alim yenidən Fransa Senatının qərarını top atəşinə tutmaqdan çəkinmədi. Onların bu qəhrəmanlığı tariximizin maraqlı səhifələrindən olacaq. Milli teatr səhnəmiz siyasət səhnəmizdəki artistliyi çətin ki, səhnələşdirə bilsin. Çünki bütün istedadlı artistlər siyasət səhnəsini doldurub. Bunlar Fransa Senatını elə məharətlə tənqid edirlər ki, adam az qalır, onların təsiri altına düşsün. Bəzən bu “sənətkarlar” haqlı olduğun məqamları da elə təqdim edirlər ki, insanın içində ikrah hissi oyanır. Öz həqiqətinə göz yummaq, yanından ötmək istəyirsən. Məsələn, gözlərinin bir tayı ilə Fransanın bu qeyri-bəşəri addımını görənlər Ilham Əliyevin bu hərəkətlərə susmasını görmürlər. Həm də nəinki görmürlər, hətta eşitmirlər də…
Eşitmək məsələsində günahları olmaya bilər, çünki dövlət başçısının səsi çıxmır. Fransaya qarşı bu qədər sərt mövqe sergiləyib də, Ilham Əliyevin hərəkətlərinə susmaq sovet dövrünün məşhur bir sarkazmını xatırladır: ABŞ prezidenti Brejnevə deyir ki, bizdə demokratiya var, kim istəsə, Ağ evin qabağına gəlib ABŞ prezidentini tənqid edə bilər. Brejnev də cavab verir ki, bizdə də demokratiya var, kim istəsə, Kremlin qabağına gəlib, ABŞ prezidentini tənqid edə bilər.
Bəli, kim istəsə, gəlib Sarkozini tənqid edə bilər, amma onun bəd əməlinə susan Ilham Əliyevi heç kim yadına sala bilməz…

Əli Kərimlini niyə görmədilər?..

Cəmiyyətin bir qisminin proseslərə “tay gözlə” baxmasının başqa bir göstəricisi də Əli Kərimli ilə bağlı oldu. Türkiyənin hökumət adamlarının mövqeyindən fərqlənməyən sərtliklə və daha arqumental formada Fransanın addımını tənqid edən Əli Kərimlinin fəaliyyəti görməzdən gəlindi. Axı nə baş verir ki, Fransa kimi bir dövləti qarşısına alan, hakimiyyətə iddialı siyasi liderin çağırışları cəmiyyətin özünü “millətçi” adlandıran və Fransaya qarşı od püskürən təbəqəsi tərəfindən heç hiss olunmur?
Bir incə məqam da var ki, bu tip yoldaşlar Ilham Əliyevin susqunluğunu da görməyənlərdir. Daxili siyasətə qarışmadan xalqımızı ağ günə çıxarmaq istəyən təbəqə… Yarım kilo çəkilmiş ətin (dolmanın) üstündə qan salan, amma millətin bütünlüklə ətinin və haqqının çəkilməsinə göz yuman dəstə… Bu mənada Sarkozinin bu hiperaktivlikdən doğan seçki isterikası addımı Azərbaycan cəmiyyətinin bütünlüklə maskasını cırdı. Məlum oldu ki, uzun illərdir xarici qüvvələrə işləməkdə ittiham olunan siyasi lider kimdir və onu ittiham edən, xarici qüvvənin əlində oyuncağa çevrilib dövlət maraqlarını satan kim…
Sarkozinin bu addımının daha bir xeyri də bu oldu ki, anti-demokratik hökumətin özü haqqında yaratdığı vətənpərvərlik ilğımı da beləcə yox oldu.

“Erməni məsələsi” həm də “Qarabağ məsələsi” deyilmi?

Bizim üçün başlıca suallardan biri də bu oldu ki, Ilham Əliyev, Minsk Qrupunun tərkibində fəaliyyət göstərdiyi halda, bu cür qərar vermiş Fransanın addımına susmaqla yanaşı, həm də sonuncu Soçi görüşündə ATƏT-in Minsk Qrupunun fəaliyyətini təriflədi. Görəsən, hansı irəliləyişlərə görə? Bəs Qarabağ üçün canından keçməyə hazır olan “ziyalı elitamız” bunu görmədi? Aydın deyilmi ki, ermənilər bir tarixi iddialarına dəstək aldıqdan sonra ikincisini daha həvəslə qabardacaqlar? Bəs o zaman bu susqunluğun səbəbi nədir? Əvvəllər müdrik siyasətin əsaslandırması “atəşkəs” idi, indi səsi kəsməkdirmi?
Bütün bu suallara cavab Fransada deyil, bizim ölkəmizdədir. Burada cavab tapılsa, yəqin ki, belə sürprizlərlə də çox qarşılaşmarıq.

Türkiyə güclüdür, amma plansızdır…

Ərdoğan hakimiyyəti dövründə Türkiyə ən böyük isterik siyasət izlədi. Sarkozinin seçki anketlərində uduzduğunu görə-görə və sosialistlərin ciddi ictimai nüfuza sahib olduqlarını bildikləri halda, bütün Fransaya qarşı tənqidlər yağdırmaqda ciddi səhvə yol verdilər. Onsuz da hər kəs bilir ki, Sarkozi artıq Fransadakı çoxluğu təmsil etmir. Senatın tərkibi də bunu göstərirdi. Türkiyə isə bütün Fransanı qarşısına almaqla sosialistlərin aktiv dəstəyini itirdi. Bu, çox ciddi siyasi səhv idi. Tarixi təcrübə “Almaniya ilə silah mübadiləsi” məsələsində də göstərdi ki, demokratik sistemlərdə də hökumətlər səhv edə bilərlər, amma cəmiyyət bunu düzəltmək imkanındadır. Heç şübhəsiz ki, Fransa xalqı da bunu aradan qaldıracaq. Türkiyənin bu istiqamətdə daha təmkinli olması vəziyyətə ciddi müsbət təsir edə bilərdi, amma Ankara bu tarixi şansı qaçırdı.

Ermənistan Irana qurban verildi

Fransa Senatının bu qərarı Yaxın Şərqdə Türkiyənin fəallığını “tormozlamağa” da hesablana bilər. Fransa Irandakı hazırkı mövqelərin ABŞ-ın xeyrinə dəyişməsini istəmir. Buna görə də məlum addımla Türkiyənin gündəmini dəyişmək və ABŞ-ı bölgədə müttəfiqsiz qoymaq istəyir. Bu plan nə qədər işləyəcək, bunu yaxın zamanlarda görəcəyik.
Bir məsələ də aydın oldu ki, Ermənistan şahmat piyadası kimi, regionda at funksiyası oynayan Irana qurban verildi. Bu dövləti regionda güclənməkdə olan Türkiyə ilə yenidən barışmazlığa sürükləmək erməni xalqı üçün ciddi zərbə olacaq. Təbii ki, Sərkisyan öz rejiminin bərkiməsi istiqamətində xırda bir nailiyyət əldə etdi və bu olanlara öz maraqları baxımından yanaşıb sevinə bilər. Amma bütövlükdə Rusiya və Fransa Ermənistanı bir qurbanlıq kimi Irandakı maraqlarının ayaqları altına atdı.

Seymur Həzi