“Azərbaycandan güclü mövqe gözləyirik”

Türkiyə müxalifəti “Azadlıq”a danışdı

CPH və MHP-nin sədr müavinləri Fransanın məlum qanunu ilə bağlı Bakıdan gözləntilərini açıqladı

Fransanın “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qanuna qarşı mübarizədə Türkiyənin rəsmi Bakıdan haqlı gözləntiləri var. Azərbaycan rəhbərliyi ən yüksək səviyyədə bu məsələyə qardaş ölkə ilə eyni mövqedən münasibət bildirməli, əməli addımlar atmalıdır. Türkiyə mediasında açıq ifadə olunan bu umacaq rəsmi Ankara təmsilşilərinin də dilindən nisbətən diplomatik tərzdə səslənib.
Məsələyə münasibətini öyrəndiyimiz qardaş ölkənin müxalifət təmsilçiləri də bildiriblər ki, “soyqırım qanunu”na qarşı Azərbaycan Türkiyənin yanında olmalıdır. Türkiyənin Azərbaycandan gözləntiləri barədə “Azadlıq” qəzetinin sualını MHP sədrinin müavini Tunca Toksay və CHP sədrinin müavini Onur Öymən cavablandırıb.

“Bir-birimizə dəstək olmamız gərəkdir”

Tunca Toksay bildirib ki, Azərbaycan və Türkiyə baş verənlərlə bağlı atmalı olduqları addımları birgə razılaşdırmalıdırlar. Çünki Fransa Senatının qəbul etdiyi qanun bütün türk dünyası üçün həqarətdir: “Biz eyni millətik və bir-birimizə dəstək olmamız gərəkdir. Amma bu dəstəyin konkret hansı formada ifadə olunacağını Azərbaycan və Türkiyə rəhbərləri görüşərək, öz aralarında razılaşdırmalıdırlar. Bu təmaslar səfirlər səviyyəsində də ola bilər, yüksək dövlət rəhbərliyi səviyyəsində də. Bu hamımıza qarşı atılan addım və təhqirdir. Buna reaksiya vermək lazımdır və düşünürəm ki, bu məsələdə Azərbaycan Türkiyənin yanında olacaq. Azərbaycanla Türkiyə qardaş ölkələrdir və bizim hazırkı durumda bir-birimizə yardım etməmiz ən düzgün olanıdır”.

“Məqsəd həm də Azərbaycana qarşı vəhşiliklərdən diqqəti yayındırmaqdır”

Onur Öymən isə bildirib ki, baş verənlərin arxasında Ermənistanın dayandığı unudulmamalıdır. Bu baxımdan Azərbaycan və Türkiyə Fransanın qəbul etdiyi qanuna qarşı ermənilərin törətdiyi qırğınları dünya ictimaiyyətinin diqqətinə çatdırmalıdır: “Bütün bu fəaliyyətlərin arxasında Ermənistanın dayandığı şübhəsizdir. Ermənistan hazırda təkcə Fransaya deyil, digər dövlətlərə də “erməni soyqırımı”nı qəbul etmək üçün təsir göstərməyə çalışır. Məqsəd fikrimcə, həm də Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşiliklərdən diqqəti yayındırmaqdır. Hazırda Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır, bir milyon azərbaycanlı qardaşımız öz yurdunda qaçqın durumunda yaşayır, Xocalıda baş verən əsl soyqırımı gözəl bilirik. Bütün bunları dünyanın araşdırmaması üçün 1915-ci ilə diqqət çəkməyə çalışırlar. Amma nədənsə, o zaman nə qədər türkün öldürüldüyünü də ört-basdır edirlər. Dünya da təəssüf ki, bütün bu məqamları nəzərə almır. Halbuki 500 min türk o tarixi dönəmdə ermənilər tərəfindən öldürülüb. Əsas görəvimiz bütün dünyaya bu tarixi faktları və hazırda azərbaycanlıların başına gətirilənləri anlatmaq olmalıdır. Biz Azərbaycanla Türkiyəni vahid dövlət kimi görürük. Biz dünyada heç bir dövlətlə Azərbaycan qədər sıx əlaqələr saxlamırıq. Şimali Kipr və Azərbaycan Türkiyə üçün çox önəmlidir. Ona görə də belə bir zamanda Azərbaycandan güclü mövqe nümayiş etdirməsini gözləyirik”.

“Fransanın Minsk Qrupuna daxil edilməsi tarixi yanlış olub”

O.Öymən bildirib ki, Fransa Türkiyənin Avropa Birliyinə üzvlüyünə mane olmağa çalışdığını artıq gizlətmir. Bu baxımdan məlum qanunun qəbulu həm də buna xidmət edir. Başqa tərəfdən isə Fransada qarşıdan prezident seçkiləri gəlir, “erməni soyqırımı” qanunu da bu seçkilərlə sıx bağlıdır.
Fransanın bundan sonra ATƏT-in Minsk Qrupunda həmsədrlik funksiyasını reallaşdıra bilməyəcəyini dilə gətirən O.Öymən Azərbaycan cəmiyyətinin və müxalifətinin baş verənlərlə bağlı reaksiyasına da toxundu. O.Öymənin fikrincə, müxalifətin Minsk Qrupu həmsədrliyində Fransanın Avropa Birliyi ilə əvəzlənməsi təklifi reallığa uyğun bir yanaşmadır: “Biz azəri qardaşlarımızın ürəyindən nələrin keçdiyini gözəl bilirik. Biz Türkiyəyə dəstək verən hər kəsə təşəkkür edir və hörmətlərimizi çatdırırıq. ATƏT-in Minsk Qrupu artıq neçə ildir ki, problemin həlli ilə məşğul olsa da, bir nəticə hasil olmur. Əslində Fransanın Minsk Qrupuna daxil edilməsi bir tarixi yanlış olub. Bundan başqa, münaqişənin çözülməsində Fransanın ciddi səylərini görmürük”.

Xəyal