ANS-in «Günəbaxan»ı ətrafında növbəti qalmaqal

İlqar Mikayıloğlu verilişin keçmiş aparıcısı Turan İbrahimovun iradlarına cavab verdi

Bir neçə gün əvvəl ANS-in “Günəbaxan” verilişində aparıcı Ilqar Mikayıloğlunun studiyaya dəvət etdiyi sürücüləri qovması xeyli müzakirələrə səbəb oldu. Baş verənlərə verilişin keçmiş aparıcısı Turan Ibrahimov da münasibət bildirdi.
O, “Yeni Müsavat”a açıqlamasında deyib ki, “Günəbaxan”ın əvvəlki imicilə indiki arasında yerlə göy qədər fərq var: “Tamaşaçı və aparıcı kimi bunu aydın görürəm. Aparıcı olduğum vaxt veriliş daha çox sosial yönümlü idi. Ancaq həftənin cümə günü əyləncə xarakterli olurdu. Qalan 4 gündə sosial mövzuları müzakirəyə çıxarır, dövlətçilik həddini qoruyaraq, heç kimin heç yerdə danışa bilmədiklərini danışırdıq. Bu, həm də mənin rolum idi. Mənə buna görə zənglər, təzyiqlər gəlirdi, bəzən rəhbərlik hansısa mövzuya icazə vermirdi. Məhkəmələrlə, vergi sistemi ilə bağlı müzakirələr olurdu. Həm xalqın xeyrinə olurdu, həm də dövlət xəttinə uyğun idi. ”Günəbaxan”ın əsası qoyulanda şou xarakterli veriliş idi. Mən onu sosial yönümlü verilişə çevirdim. Bu gün insanların etirazı da sırf indiki verilişin mənim vaxtımdakına uyğun gəlməməsilə bağlıdır. Studiyadan qonağı qovmaq təcrübəsi televiziya tarixində olub. Amma bir şərtlə ki, xalqı ordan qovmaq olmaz.
Sən xalqı öz problemlərindən danışmağa çağırırsansa, o, ağzını açıb danışanda sözünü kəsib studiyadan qova bilməzsən. Xalqın, ictimaiyyətin əleyhinə danışanları qovmaq olar. Əgər mən də taksi sürücülərini qovsaydım, bu, yanlış olardı. Kür daşqınları mövzusu gündəmdə olanda zərərçəkənləri studiyaya çağırmışdıq. Əsəblər gərgin idi, vətəndaşların içindən yersiz danışanlar da vardı. Amma nəbadə kimisə ordan qovasan. Bir aparıcı kimi, o emosiyaları sakitləşdirmək də mənim vəzifəm idi, efiri idarə etmək də. Biz xalq üçün çalışırıqsa, onu efirdən qovmağa heç bir haqqımız yoxdur”.
Verilişin hazırkı aparıcısı Ilqar Mikayıloğlu isə “Azadlıq”a açıqlamasında bildirdi ki, “Günəbaxan”ı Turan Ibrahimovun yox, ANS-in komandası yaradıb.
“Günəbaxan”ı Vahid Mustafayev, Mirşahin Ağayev və ümumilikdə telekanalın komandası yaradıb. Allah köməyi olsun, müsəlmandı, namaz qılan adamdı, özü bilər…”, – deyə Ilqar Mikayıloğlu Turan Ibrahimovun iradlarına belə münasibət bildirib.

Ramin DEKO