
“Mossad”ın keçmiş başçısı Meir Daqan Yaxın Şərqdəki vəziyyətlə bağlı Le Figaro qəzetinə maraqlı müsahibə verib. O, 2002-2011 arası İsrailin kəşfiyyat orqanı “Mossad”ın sədri olub. Daqan qeyd edib ki, 1979-cu il İran İslam inqilabı Yaxın Şərqin əsas hadisəsi olaraq qalmaqdadır. Bu inqilabın təsirləri hələ də hiss olunur. “Kim Fars körfəzi və ətrafına nəzarət edirsə, dünya neft ehtiyatlarının 60%-ə nəzarət edir. Bəlkə daha çox. Əgər bura İranın siyasi maraq dairəsinə daxil olan Orta Asiya ölkələrini daxil etsək. İran nüvə silahı əldə edərsə, rejim ömürlük sığortalanacaq. Bu isə İrana bütün region və onun neft ehtiyatları üzərində nəzarətini gücləndirməyə imkan verəcək.”
O, qeyd edib ki, baş-nazir Netanyahu və Müdafiə naziri Ehud Barakın mövqeyi ilə qətiyyən razı deyil. Onlar problemi bütün dünyaya aidiyyatı olan İran-İsrail qarşıdurması kimi təqdim edirlər. Gerçəklikdə isə İsrail ilə qarşıdurma iranlılar üçün ikinci dərəcəli məsələdir və problemin “İrail üçün İran təhlükəsi” kimi təqdim edilməsi səhv mövqedir. Daqan etiraf edib ki, İran atom bombası hazırlayır, ancaq bombanın hazırlanmasında son mərhələni keçməyə qərar verə bilmir. Dünya birliyinin əsas vəzifəsi İranı bu məqsəddən geri çəkməkdir. Bunun üçün “qamçı və qoğal” siyasətindən istifadə etmək lazımdır. “Ancaq bunun İranın qarşısını alacağını düşünmək illuziya olardı. Tətbiq ediləcək sanksiyalarla yanaşı, hərbi əməliyyatların keçirilməsi planı da var. Hərbi vasitəyə əl atmazdan əvvəl, mümkün olan bütün vasitələr istifadə edilməlidir. Əgər İsrail təkbaşına hərbi əməliyyatlara başlasa, bunun nəticələri dəhşətli olacaq.”
İranın çoxlu nüvə obyektləri var. Bu obyektləri bir hərbi zərbə ilə məhv etmək mümkün deyil. Bunun üçün geniş miqyaslı müharibə başlamaq lazımdır. “Mossad” başçısı bildirib ki, nüvə silahı olan İranla birgə yaşamaq mümkün olmayacaq. İran atom bombası əldə edərsə, Misir və Səudiyyə Ərəbistan onu nümunə götürəcək və Yaxın Şərqdə “nüvə yarışı” başlayacaq.
Onun sözlərinə görə iranlılar çox ağıllı və metodik hərəkət edən insanlardır. Onlar provakativ bəyanatlar verirlər, lakin bacardıqca ehtiyatla hərəkət edirlər. “Onlar deyir və gözləyirlər ki, dünya necə reaksiya verəcək. Hansısa mənada mən onların manevr qabiliyyətinə heyranam.” –deyə Daqan bildirib.


