Oliqarxların “mer savaşı”

Hakimiyyətdaxili qrupların hər birinin Hacıbala Abutalıbovun postuna öz namizədi var

“Azəryolservis”in şefi, deputat Cavid Qurbanov Bakı meri postu uğrunda mübarizəyə qatılıb. Bu barədə “Yeni Müsavat” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, Cavid Qurbanov mer olmaq üçün hakimiyyətin yuxarı pillələrində iddiasına dəstək qazanmağa çalışır. Nəqliyyat naziri Ziya Məmmədovun da Cavid Qurbanovu dəstəklədiyi bildirilir. Məlumatda deyilir ki, nəqliyyat naziri yuxarı çevrələrdə “Azəryolservis” şefinin mer təyin edilməsinə razılıq almağa çalışır.
“Azadlıq”a daxil olan məlumatlarda isə bildirilir ki, Ziya Məmmədov Nəsimi rayonunun icra başçısı Nəsib Məhəməliyevin mer təyin olunmasına çalışır. Nəsib Məhəməliyev Ziya Məmmədovun yaxın çevrəsinə daxildir. Və Hacıbala Abutalıbovun vəzifəsindən uzaqlaşdırılacağı barədə məlumatlar yayıldıqdan sonra Ziya Məmmədovun Nəsib Məhəməliyevi mer təyin etdirmək üçün fəaliyyətə başlayıb.
Ümumiyyətlə isə Hacıbala Abutalıbovun istefaya göndərilməsini hakimiyyətdaxili qrupların hər biri səbirsizliklə gözləyir. Və onların hamısının öz namizədi var. Paşayevlər Sumqayıtın icra başçısı Eldar Əzizovu, Bəylər Əyyubov və Rövnəq Abdullayev tandemi Gəncənin icra başçısı Elmar Vəliyevi, Kəmaləddin Heydərov isə Qaradağın icra başçısı Süleyman Mikayılovu mer təyin etdirmək niyyətindədir.

Informasiya şöbəsi