Altından metro keçən parkda qazıntı aparılır
“Azadlıq prospekti” metrostansiyasının yaxınlığında olan parkın bir hissəsi hasarlanıb. Qazıntı və tikinti işlərini sözügedən ərazidə hansı şirkətin apardığı məlum deyil. Bir tərəfdə üçmərtəbəli bina tikilir, digər tərəfdə isə qazıntı işləri gedir. Fəhlələr bu işlərin hansı məqsədlə aparıldığını, nə tikiləcəyini bilmirlər. Ərazidə yaşayanlar bu cür tikintinin aparılmasından çox narahatdır. Sütunsuz metrostansiyanın yaxınlığında bu cür işlərin görülməsi yaxşı heç nə vəd etmir.
Yaxınlıqda yaşayan insanlardan öyrəndik ki, ərazidə ticarət mərkəzi tikiləcək. Ancaq bunu kimin tikəcəyi barədə heç bir məlumatları olmadığını söylədilər.
Bir müddət öncə, yəni 2010-cu ilin dekabrında açılışı olan metrostansiyanın üstündə yerləşən parkın iki aydan sonra daş piltələri və metlax döşəmələri bərbad hala düşmüşdü. Hətta metronun içində də çat əmələ gəlmişdi, azca yağış yağan zaman içəriyə su damırdı. Bir neçə dəfə metronun içini təmir etsələr də, parkda aparılan təmir işləri indinin özündə də bəhrəsini verməyib.
Ara-sıra gölməçələrlə də üzləşmək mümkündür. Böyük vəsait hesabına salınan park bu gedişlə bir neçə ildən sonra “metronun arxivindən” silinəcək. Parkın salındığı ərazi əvvəllər çökəklik sahə olduğundan və ərazi kənardan daşınan torpaqla doldurulduğundan tez-tez çökmələr baş verir.
Metrostansiyasını “Azərtunelmetrotikinti” ASC tiksə də, stansiyanın yerüstü ərazisinin təxminən 10 min kv.m olan park hissəsinin layihəsini “Bakıdövlətlayihə” Institutu tərtib edib. Bir müddət əvvəl ərazidə yaranmış problemli vəziyyətlə bağlı Bakı Metropoliteninin mətbuat xidmətindən bildirilmişdi ki, parkın metropolitenə heç bir aidiyyəti yoxdur.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov isə “Yeni Müsavat” qəzetinə açıqlamasında burada böyük tikinti işləri həyata keçiriləcəyini deyib: “Burada böyük bir ticarət mərkəzi olacaq. Bakı Şəhər Icra Hakimiyyəti bu tikintiyə icazə verib. Qazıntı işləri metropolitenə təhlükə yaratmır”.
Yeri gəlmişkən, qazıntı işlərinin aparıldığı ərazi MSK-nın da bir neçə metrliyindədir. Problem olarsa, hər iki obyektə böyük ziyan dəyəcək.
Ramin DEKO


