Əliyevin adı italiya mafiozları ilə bir sırada

“Sərhədsiz Reportyorlar”ın rəsmisi: “İlham Əliyev “mətbuatın qənimi” siyahısında yerini möhkəmlədib”

“Sərhədsiz reportyorlar” təşkilatı 2011 ildə Azərbaycanda mətbuat azadlığı sahəsində vəziyyətin kəskin sürətdə pisləşdiyini bildirib. Təşkilatının media azadlığı indeksi siyahısında Azərbaycan 179 ölkə arasında 162-ci yerə layiq görülüb. Keçən ilki nəticə ilə müqayisədə Azərbaycan 10 pillə geriləyərək, cədvəldə sondan 18-ci yeri tutub.

Təşkilatın Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Coan Bir BBC Azərbaycan”a verdiyi müsahibəsində bildirib ki, Azərbaycanda 2011 ildə yenidən mətbuata qarşı zorakılıq halları baş verib. O, Rafiq Tağının qətlinin, jurnalist və blogegrlərin həbsi, onlara hücum və oğurlanması kimi halların Azərbaycanın geriləməsinə səbəb olduğunu söyləyib. Ölkəmiz Avropa və postsovet məkanında yalnız Belarus və Türkmənistanı irəliləyib.

“Pis olan vəziyyət, daha da pisləşib”

Coan Birin sözlərinə görə, onsuzda Azərbaycanda media azadlığı sahəsində qənaətbəxş olmayan vəziyyət 2011-ci ildə daha da pisləşib:“Rafiq Tağının qətlindən əvvəl müxalifət jurnalistlərinə, o cümlədən “Azadlıq” qəzetinə qarşı və blogerlərə qarşı hücumlar dalğası həyata keçirildi. “Azadlıq” qəzetinin iki əməkdaşı bir gün ərzində oğurlandı, onları naməlum yerdə saxladılar. Jurnalistləri oğurlayan  naməlum şəxslər onlara rejim barədə tənqidi materiallar yazmamağı tapşırıblar. Tanınmış jurnalist Əvəz Zeynallı məhbəsə salındı. Bir sıra reportyor ölümlə hədələndi, və bəziləri mühacirət etməyə məcbur oldu”.

“Sərhədsiz Reportyor”un rəsmisi əlavə edib ki, hətta bəzi əcnəbi jurnalistlər belə Azərbaycandan xaric ediliblər. Fransadan gəlmiş televiziya kanalının heyəti, Naxçıvanda insanlarla danışan almaniyalı reportyor ölkədən qovuldu. Bütün bu hallara görə Azərbaycan hökumətinin cavabdeh olub-olmadığına toxunan Bir qeyd edib ki, Rafiq Tağının ölümü mürəkkəb olsada, müxalif jurnalistlərə və bloggerlərə qarşı hücumlara görə “Sərhədsiz Reportyorlar” təşkilatı höküməti cavabdeh sayır.

Putin, Kadırov, Lukaşenko və Əliyev

Coan Bir deyib ki, Azərbaycan rəhbəri İlham Əliyev “Sərhədsiz Reportyorlar” təşkilatının mətbuatın azadlığı indeksində “mətbuatın qənimi” sayılan təşkilat və fərdlər siyahısında yerini möhkəmlədib. Həmin siyahıda Belarus prezidenti Aleksandr Lukaşenko, Rusiya Baş naziri Vladimir Putin, Çeçen lideri Ramzan Kadırov, Bask separatist qrupu ETA və İtaliyanın bir sıra mafioz təşkilatlarının adları var. “Sərhədsiz Reportyorlar” təşkilatı öz siyahısını hazırlayanda həm son ilin hadisələrini, həm də ölkədə bu sahədəki ümumi vəziyyəti nəzərə alıblar. Onun sözlərinə görə, Azərbaycanın ümumi siyahıda aşağı enməsinin əsas səbəbi ötən il jurnalistlərə qarşı baş verən insidentlər olub. Özbəkistanda buna bənzər insidentlər daha az sayda olduğuna görə, Özbəkistan Azərbaycandan 5 pillə yuxarı qalxıb, baxmayaraq kı Özbəkistanda mətbuat daha ağır vəziyyətdədir.