
“Siyasətçilər tarixlə bağlı qərar verməməlidir”. Yanvarın 26-da Avropa Şurası Parlament Assambleyası sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın sualına cavabında Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq belə deyib.
“Media forum” saytının məlumatına görə, Qənirə Paşayeva komissara belə bir sual verib: “Fransa Senatı heç bir beynəlxalq məhkəmədə təsdiq edilməyən qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanun çıxardı. İnsan haqları komissarı kimi necə düşünürsünüz, bu, söz və fikir azadlığının məhdudlaşdırılması, insan haqlarına zərbə deyilmi? Bu qanundan sonra Fransada yaşayan 500 min türkün və ümumiyyətlə qondarma erməni soyqırımını inkar edən hər kəsi həbsxanalar və ağır maddi cəzalar gözləyir. İnsan haqları komissarı kimi siz məhz söz və düşüncə azadlığı, insan haqları prizmasından bu qanunu necə qiymətləndirirsiniz?”
Tomas Hammarberq cavabında deyib: “Əlbəttə, bu, düzgün yanaşma tərzi deyil və söz və ifadə azadlığını məhdudlaşdırır. Siyasətçilərin tarixi məsələlərə qiymət verməsi məsələsində Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın dedikləri ilə razıyam və onu tam dəstəkləyirəm. Siyasətçilər tarixlə bağlı qərar verməməlidir”.


