“Eurovision-2012”nin püşkü atıldı

Türkiyə və Ermənistan ikinci yarımfinalda

Bakı “Eurovision 2012″yə ev sahibliyini rəsmən qəbul edib. “Eurovision 2011″ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers müsabiqənin rəmzi açarını Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təqdim edib. Mərasim “Buta Palace”da keçirilib.
Bakının ev sahibliyi edəcəyi “Eurovision-2012” “Light your fire” (Öz alovunu yandır) şüarı altında keçiriləcək. Müsabiqənin loqosunda Azərbaycana xas elementlər kimi buta və od əksini tapıb.

Bakıda keçiriləcək 57-ci “Eurovision”un yarımfinallarında iştirak edən ölkələr arasında püşkatma mərasimi də keçirilib. Mayın 22-də keçiriləcək ilk yarımfinalda Monteneqro, İslandiya, Moldova, Kipr, Rumıniya, Avstriya, Albaniya, Danimarka, Rusiya, Belçika, Latviya, San-Marino, İsveçrə, Finlandiya, İsrail, Yunanıstan, İrlandiya və Macarıstan iştirak edəcək.
Mayın 24-də keçiriləcək ikinci yarımfinalda isə Serbiya, İsveç, Gürcüstan, Niderland, Portuqaliya, Sloveniya, Makedoniya, Estoniya, Belarus, Türkiyə, Malta, Slovakiya, Xorvatiya, Norveç, Ukrayna, Ermənistan, Litva, Bolqarıstan, Bosniya və Herseqovina iştirak edəcək.
Müsabiqənin qaydalarına əsasən, 5 ölkə – Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötən ilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək.
Azərbaycan, İtaliya və İspaniya I yarımfinalda səs verəcək. Böyük Britaniya, Almaniya və Fransa isə II yarımfinalda səs verəcək.
43 ölkənin iştirak edəcəyi müsabiqənin final mərhələsi mayın 26-da keçiriləcək.