Erməni qanununa şok maneə

Konstitusiya Şurası layihəyə müdaxilə etdi; Fransaya qarşı ilk sanksiya Abdullah Gülün xanımından gəldi

Fransada qondarma erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsinin qəbuluna etirazlar artıb. Ölkənin Konstitusiya Şurası qanuna rəsmi prosedurla müdaxilə edib.
Türkiyə mətbuatının yazdığına görə, qanuna qarşı olan senatorların imzatoplama kampaniyasından xəbərdar olan Şura hökumətə “qanunu gözlədin” mesajı yollayıb. Bununla da, sənədin əleyhinə imza toplayan senatorlar 3 gün əlavə vaxt qazanıblar.
9 seçilmiş üzvdən ibarət olan Şura qanunu Yelisey Sarayına göndərməli olan hökumət katibliyinə müraciət edərək, qanunda Konstitusiyaya zidd məqamların olduğunu və bu üzdən həm parlamentdə, həm də Senatda imzatoplama kampaniyası başladığını bildirib, ona görə də layihənin prezidentə göndərilməsinin ləngidilməsini istəyib. Qanuna qarşı olan və Senatda 16 yerə sahib Avropa Demokratik və Sosial Birlik Qrupunun başçısı Jak Mezard qəbul edilən layihənin Konstitusiyaya zidd olduğunu deyib.
Qanun layihəsinə verdiyi dəstəklə Türkiyə-Fransa münasibətlərini qopmaq nöqtəsinə gətirən prezident Nikola Sarkozi isə Türk nümayəndə heyəti ilə dərhal görüşməyə hazır olduğunu deyib. O, Fransada olan dinlərin təmsilçilərini qəbul edib. Toplantıya qatılan Fransa Islam Şurasının türk direktor köməkçisi Heydər Dəmirürək də Sarkozi ilə görüşüb.
Fransanın keçmiş ədliyyə naziri, senator Robert Badinter “Huffington Post” qəzetinə yazdığı məqaləsində qəbul edilən “soyqırımı” inkar qanununu sərt tənqid edib. Keçmiş nazir yazır ki, bu qanunun problem yaratmaqdan başqa heç bir faydası olmayacaq və bu problemlər erməni cəmiyyətinə də zərər verəcək. Badinter qeyd edib ki, hüquq bumeranqı onu fırladanı vurur. Onun fikrincə, hüquq həmişə üstün gəlir və intiqamını alır.
Bu arada, Bosniya və Herseqovina parlamentinin Nümayəndələr Palatası Fransa Senatına müraciət göndərib. Müraciətdə Senata keçmiş Yuqoslaviya ərazisində baş vermiş vətəndaş müharibəsi zamanı bosniyalıların (boşnakların) soyqırıma məruz qalması faktını inkar edənlərin də cəzalandırılması haqqında qanun qəbul etmək təklif olunub.

Türkiyədə isə Fransaya etirazlar davam edir. Ölkənin birinci xanımı Hayrunnisa Gül paytaxt Ankarada verdiyi ziyafətə Fransanın səfiri Loran Bilinin həyat yoldaşı Sabine Bilini dəvət etməyib. Türkiyə prezidentinin rəsmi iqamətgahı olan Çankaya köşkündə nahar vaxtı verilən ziyafətə qadın diplomatlar, diplomatların xanımları, habelə Avropa Birliyi, BMT kimi beynəlxalq qurumların xanım nümayəndələri dəvət edilib.
Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq də Fransa Senatında qəbul olunan qanuna sərt münasibət bildirib. Onun sözlərinə görə, siyasətçilər tarixlə bağlı qərar verməməlidir: “Əlbəttə, bu, düzgün yanaşma tərzi deyil, həmçinin söz və ifadə azadlığını məhdudlaşdırır. Siyasətçilərin tarixi məsələlərə qiymət verməsi məsələsində Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın dedikləri ilə razıyam və onu tam dəstəkləyirəm. Siyasətçilər tarixlə bağlı qərar verməməlidir”.

Informasiya şöbəsi